Türkiyə “Strateji kompas” sənədinə reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1800087
Türkiyə “Strateji kompas” sənədinə reaksiya verdi

 

  Türkiyə Avropa İttifaqının (Aİ) müdafiə və təhlükəsizlik sahəsində inkişafı və qərar qəbulu üçün operativ bələdçi rolunu oynayacaq “Strateji kompas” sənədinə reaksiya verib.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir: “Sənədin, xüsusilə Türkiyəyə aid olduğu Şərqi Aralıq dənizi hissəsi Türkiyə və Qıbrız (Şimali Kipr) türklərinin bu dənizdəki haqlarına məhəl qoymayan iki Aİ üzvü tərəfindən ittifaqa diktə edilib. Beynəlxalq hüquqa, dəniz haqlarına, praktikaya və həmçinin Aİ-nin öz prinsiplərinə zidd olan reallıqdan uzaq bu qərarı düzgün istiqamət göstərən kompas adına layiq görmək və strateji adlandırmaq çətindir.

  Aydındır ki, bu sənəd Aİ-ni Şərqi Aralıq dənizində həll yollarının deyil, problemlərin bir hissəsi edəcək və Qərbi doğru strategiyalara aparmayacaq.

  Son baş verən hadisələri nəzərə alsaq, sənəddə faktların bilərəkdən bu qədər nəzərdən qaçırılması və tam üzv olan NATO müttəfiqinə bu qədər dayaz baxılması bir korluq və bədbəxtlikdir”.

  Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrel tərəfindən hazırlanan “Strateji kompas” layihəsi 4 əsas maddədən ibarətdir:

  1. Böhranların idarə edilməsində Aİ-nin rolunun gücləndirilməsi,
  2. müdafiə qabiliyyətinin təkmilləşdirilməsi,
  3. böhranlara müqavimət göstərməsinə imkan yaradılması və
  4. üçüncü ölkələrlə tərəfdaşlıq əlaqələrinin qurulması.

  Martın 21-ində Aİ-nin Xarici Əlaqələr Şurasında təsdiqlənən sənəddə əsasən Aİ-nin böhranlarda qətiyyətlə hərəkət etməsi və təhlükəsizliyini yaxşılaşdırması üçün dəqiq icra təqvimi ilə konkret və icra edilə bilən tövsiyələr yer alır.



Әlaqәli Xәbәrlәr