Ərdoğanla Putin arasında görüş başa çatıb

Prezident Ərdoğan görüşdən əvvəl verdiyi açıqlamada Türkiyə-Rusiya münasibətlərinin çox fərqli şəkildə təzahür etdiyini və ticarət həcminin hazırda çox yaxşı vəziyyətdə olduğunu ifadə edib.

1712386
Ərdoğanla Putin arasında görüş başa çatıb

"Türkiyə ilə Rusiya arasındakı əlaqələri günü-gündən gücləndirməyimiz faydalıdır".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə təkbətək görüşdə deyib.

Dövlət başçısı Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Soçi şəhərində, Prezidentin Rəsmi iqamətgahında görüşüblər.

Mətbuata qapalı keçirilən görüş 2 saat 45 dəqiqə davam edib.

Prezident Ərdoğan görüşdən əvvəl verdiyi açıqlamada Türkiyə-Rusiya münasibətlərinin çox fərqli şəkildə təzahür etdiyini və ticarət həcminin hazırda çox yaxşı vəziyyətdə olduğunu ifadə edərək, "İnanıram ki (ticarət həcmi) daha da yaxşı vəziyyətdə olacaq. Xüsusilə turizmə verdiyiniz dəstəyə görə (Putinə) təşəkkür etmək istəyirəm" deyib.

Tikintisi Rusiyanın işbirliyi ilə davam edən Mersin Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı Ərdoğan "Gələn il birinci bölmənin açılışını edə biləcəyik" deyə bildirib.

Türkiyə ilə Rusiyanın müdafiə sənayesində birgə atdığı addımlara toxunan Ərdoğan bunları söyləyib:

“Gündən-günə güclənərək Türkiyə-Rusiya əlaqələrini davam etdirməyimizin böyük faydaları var. Suriya mövzusunda birlikdə atdığımız addımlar böyük əhəmiyyət kəsb edir. Oradakı sülh Türkiyə ilə Rusiya arasındakı əlaqələrdən də asılıdır .

Rusiya Prezidenti Vladimir Putin isə deyib ki, Ərdoğanla görüşlərimiz hər zaman problemsiz keçmir. Bununla belə, müvafiq qurum və təşkilatlarımız konsensusa gələ bilir. Türkiyənin Rusiyaya yatırdığı investisiyalar ümumilikdə 1,5 milyard dollara, Rusiyanın Türkiyədəki investisiyaları isə 6,5 milyard dollara çatdı. Bütün böyük layihələr planlaşdırıldığı kimi davam edir.

Putin "Qarabağdakı əməkdaşlığımız həm atəşkəsin əldə edilməsində, həm də gələcəkdə daha güclü davamlı sülhün əldə edilməsində əhəmiyyətli bir elementdir" deyib.

"Türkiyə ilə əməkdaşlığımız beynəlxalq arenada uğurla davam edir. Burada həm Suriya, həm də Liviya ilə bağlı mövqelərimizi nəzərdə tuturam" deyə Putin vurğulayıb.



Әlaqәli Xәbәrlәr