Cəhənnəmə çevrilən cənnət- Şərqi Quta

Əsəd rejimi Dəməşqin ərəb coğrafiyası kitablarında "yer üzünün cənnəti" adlandırılan ən gözəl şəhərətrafı rayonuna, Quta bölgəsinə amansız hücumlarını davam etdirir.

931633
Cəhənnəmə çevrilən cənnət- Şərqi Quta

Əsəd rejimi Dəməşqin ərəb coğrafiyası kitablarında "yer üzünün cənnəti" adlandırılan ən gözəl şəhərətrafı rayonuna, Quta bölgəsinə amansız hücumlarını davam etdirir. Şərqi Qutadakılar, hələblilər, idliblilər, qısası suriyalılar, qatilləri ilə necə birlikdə yaşayacaqlar?

 Bu mətnin yazıldığı saatlarda gələn xəbərlərə görə, son üç gündə Şərqi Qutaya edilən yüzlərlə hava hücumu nəticəsində 250-yə qədər insan həlak olub, 800-dən çox  yaralı var. Bu rəqəm təəssüf ki, daha da arta bilər. Bütün dünyanın gözləri qarşısında... Həm də Şərqi Quta Astana müqaviləsinə görə, Rusiyanın nəzarəti altında deeskalasiya zonası elan edildiyi bir vaxtda....

Türkiyənin Afrin əməliyyatıyla əlaqədar olaraq "vətəndaşlara zərər verilir" böhtanı ilə dünyanı ayağa qaldıranlar mövzu Rusiya, Suriya rejimi və ABŞ  olunca "əbkəm- ü lal", yəni kar və kor olurlar. Daha əvvəl Bosniyada və İraqda olduğu kimi, ölən uşaqlar müsəlmandırlarsa, heç bir dəyərləri yoxdur.

Birləşmiş Millətlər Təşkilatının çarəsiz baş katibi  Şərqi Quta ilə bağlı coğrafiya kitablarında yazılan "yer üzünün cənnəti" ifadəsini böyük ehtimalla, fərqində olmadan xatırladaraq, bölgədə mühasirə altında olan və bombardmana məruz qalanlar haqqında "yer üzündə cəhənnəmi yaşayırlar" dedi. Qutada mühasirə altında olanlar isə artıq "ölümü gözlədikləri”ni ifadə edirlər. Çünki rejim hücumlarından xilas olsalar belə, mühasirədə aclıq və xəstəliklərdən öləcəklər. Rejim xüsusilə, xəstəxanaları bombardman edir. Daha əvvəl Hələb və İdlibdə etdiyi kimi...

 Haqqında “Min Bir Gecə” nağılları yazılan müdrik Abbasi xəlifəsi Harun Rəşid dövründə paytaxt olan tarixi şəhər Rakka ABŞ tərəfindən darmadağın edilərkən səs çıxarılmadığı kimi...

Quta deyilən bölgə Suriyanın paytaxtı Dəməşqi (şimaldakı Kasiyun təpəsini bir tərəfə qoysaq) şərq, qərb və cənubdan əhatə edən bir düzənlikdir və tarix boyu yaşıl bostanları ilə məşhur olub. Dəməşqi tərəvəz məhsulları ilə təchiz edən Quta kənd təsərrüfatı baxımından dünyanın ən məhsuldar torpaqlarından biri sayılır. Qədim ərəb coğrafiyaçısı bu regionu çayları, meyvə ağacları və bostanları ilə məşhur, Dəməşqin nüfuzlu adamlarının bağ evləri ilə bəzədilmiş, dünyanın gözəl yerlərindən biri olaraq vəsf edirlər. Haqqında kitablar yazılmış Quta bu gün əhəmiyyətli dərəcədə urbanizasiyaya məruz qalsa  da, müharibədən əvvəl bahar aylarında dəməşqlilərin istirahət və əyləncə məkanı idi. Dəməşqi ikiyə ayıran Barada çayı və kanalları buradan keçir. Osmanlının son dövründə əlli min olan əhalisinin hazırda 400 min ətrafında olduğu təxmin edilir. Bu əhalinin dörddə biri vətəndaş müharibəsi səbəbindən bölgədən getdiyindən, Şərqi Qutada  300 minə yaxın insanın yaşadığı güman edilir. Əhəmiyyətli dərəcədə arxeoloji əsərlərlə yanaşı, bir sıra səhabə məzarının da olduğu Quta Qüds fatehi Səlahəddin Eyyübinin də ən sevdiyi yerlərdən biri idi.

Suriyada rejim əleyhinə 2011-ci ildə başlayan müqavimətin ən mühüm mərkəzlərindən olan və paytaxt Dəməşqə yaxınlığı ilə strateji əhəmiyyət daşıyan Şərqi Quta 2013-cü ilin aprelindən etibarən Əsəd qüvvələri tərəfindən mühasirəyə alınıb. Həm top atəşləri ilə, həm də havadan Şərqi Qutaya davamlı hücum edən rejim bölgəyə ərzaq və humanitar yardımın daxil olmasını də məhdudlaşdırıb. Şərqi Qutada (bəzən bir-biri ilə də toqquşan) iki müxalif qrup hakimdir. Bunlardan "Feylakur-Rahman" (yəni Rəhman Birliyi) Azad Suriya Ordusuna tabedir. Suriya ordusundan kapitan rütbəsində ikən ayrılmış Əbdünnəsir Şamir "Feylakur-Rahman"a rəhbərlik edir. Əllərində olan ən müasir silah isə BGM-71 TOW amerikan anti- tank raketləridir. Digər qrup isə "Ceyşül-İslam", yəni İslam Ordusudur. İslam Ordusu Şərqi Qutadakı ən böyük müqavimət qrupudur. Azad Suriya Ordusuna tabe olmayan bu qrup Səudiyyə dəstəkli Əl-Cəbhətül-İslamiyyəyə aiddir. Əlində müxtəlif tipli raketlər var. Buradan Dəməşqə edilən raket hücumları rejimin Şərqi Qutaya intensiv bombardman etməsinə səbəb olur.

 Mühasirə altındakı bölgənin xarici aləmlə yalnız iki əlaqəsi var. Biri Dumadakı Vafidin nəzarət məntəqəsidir. Bu nəzarət məntəqəsinin bir tərəfində rejim, digər tərəfində isə əl-Ceyşül-İslam birlikləri yerləşib. Bir də, eynilə Qəzza ilə Misir arasında olduğu kimi, Dəməşqin digər şəhərətrafı rayonlara uzanan yeraltı tunelləri var. Ancaq bu tunellər son dövrdə rejim tərəfindən bağlanıb.

 2017-ci ilin sentyabrından etibarən BMT yardım təşkilatlarının bölgəyə daxil olması xeyli məhdudlaşdırılıb. Lakin noyabr və dekabr aylarında bu təşkilatların  bir dəfə bölgəyə daxil olmasına icazə verildi. Bu, vəziyyəti bir az yüngülləşdirdi. Qiymətlərin Dəməşqə görə çox artdığı Şərqi Qutada insanlar gündə yalnız bir dəfə yemək yeyə bilirlər. Təxminən 300 min adamın ərzaq yardımına ehtiyacı olduğu bölgədə çörək və düyü tapılmır. Az qidalanma səbəbindən uşaq ölümlərinin səviyyəsi çox yüksəkdir. Xəstələr bölgədən çıxarıla bilinmədikləri üçün ölüm halları getdikcə artır.

 Şərqi Quta uzun zamandır kasset və  çəllək  bombaları və kimyəvi silahlarla vurulur. Son günlərdə bölgədə BMT tərəfindən  siyahıya aınmış 6 xəstəxanaya zərər dəydi.  Uzun müddət davam edən mühasirə səbəbindən dərman və qida çatışmazlığı var. Əsəd rejimi bölgəni uzun zamandır mühasirəyə alaraq tam bir orta əsr metodu tətbiq edir və beləliklə, yalnız iki variant qalır: ya bölgədəki qruplar tamamilə təslim olacaq, ya da bombardman, və ya aclıq və xəstəliklər səbəbindən bölgənin bütün xalqı məhv olacaq. Üstəlik, bütün bunlar müasir və mədəni beynəlxalq ictimaiyyətin gözləri qarşısında cərəyan edir.

 

 Mərmərə Universitetinin Politologiya  Fakültəsinin müəllimi, professor Çingiz Tomarın “Cəhənnəmə çevrilən cənnət- Şərqi Quta” adlı analitik yazısını təqdim etdik.



Әlaqәli Xәbәrlәr