Xarici işlər naziri Çavuşoğlu: "Yaxın zamanda atəşkəs təmin edilməlidir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türk-Amerika icması toplantısı proqramında iştirak edib.

1828498
Xarici işlər naziri Çavuşoğlu: "Yaxın zamanda atəşkəs təmin edilməlidir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türk-Amerika icması toplantısı proqramında iştirak edib.

Dünyanın çətin bir dövrdən keçdiyini, qarşıdurma və böhranlarla sarsıldığını bildirən Çavuşoğlu bu müharibə və qarşıdurmaların təəssüf ki, Türkiyənin yerləşdiyi coğrafiyada baş verdiyini bildirib.

Ukraynada müharibənin başladığını və bölgədəki problemlərin hələ də davam etdiyini vurğulayan Çavuşoğlu deyib:

"Belə məqamlarda liderlik vizyonu və sağlam düşüncə qızıl dəyərindədir. Bu, Ukrayna müharibəsində aydın şəkildə özünü göstərdi. Biz bu çətin günlərdə prezidentimizin rəhbərliyi altında fəal və prinsipial xarici siyasətimizlə yolumuza davam edirik. Bu prosesdə izlədiyimiz siyasət hər kəs tərəfindən görülür. Latın Amerikasından Afrikaya, Orta Şərqdən Avropaya qədər bütün həmsöhbətlərimiz Türkiyənin bu prosesdəki konstruktiv rolunu alqışlayır''.

Bu çətin dövrdə müstəqil siyasət yeritməyin asan olmadığına diqqət çəkən Çavuşoğlu Türkiyənin təkcə yaxın coğrafiyasında deyil, onun hüdudlarından kənarda da dünya sülhünə töhfə verdiyini vurğulayaraq, Kolumbiyadan Filippinə qədər böhranların həlli üçün fəal şəkildə çalışdıqlarını söyləyib.

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında (BMT) miqrasiya idarəçiliyi ilə bağlı toplantıya qatılacaqlarını açıqlayan Çavuşoğlu Türkiyənin bu mövzuda ən çox təcrübəsi olan ölkələrdən biri olduğunu bildirib.

Ukrayna müharibəsi və "Covid-19" səbəbiylə qida təhlükəsizliyinin ən həssas məsələlərdən biri olduğunu deyən Çavuşoğlu hər iki məsələ ilə bağlı BMT-də keçiriləcək görüşlərə qatılacağını deyib.

ABŞ dövlət katibi Antoni Blinkenlə də ikitərəfli görüş keçirəcəyini bildirən Çavuşoğl: “ABŞ-la münasibətlərimizdə mövcud problemləri həll etmək istəyirik. Romadakı görüş, prezidentimizlə Baydenin görüşü bu mənada mühüm görüş idi. Cənab Baydenin təklifi ilə strateji mexanizm yaratdıq. Bu mexanizmin məqsədi ikitərəfli münasibətlərimizdə və regionda yaşadığımız problemlərin, razılaşa bilmədiyimiz məsələlərin həlli üzərində işləmək və ya bu məsələdə birlikdə necə hərəkət edə biləcəyimiz üzərində işləməkdir" deyib.

Çavuşoğlu Türkiyə-ABŞ əlaqələrinin bir çox sahədə inkişaf etdiyini də vurğulayıb.

Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli üçün ciddi səy göstərdiyini izah edən Çavuşoğlu sözlərinə davamla deyib ki, bu asan proses deyil. Müharibə başladığı zaman məsələ həll olunsaydı, daha asan olardı. Müharibənin başından bəri cəhd edirik ki, problem həll olunsun, tərəflər müharibəni dayandırsınlar. Təəssüf ki, Ukraynanın şərqində müharibə bir tərəfdən davam edir. Digər tərəfdən, yenidən soyuq müharibənin işarələrini görməyə başladıq. Şübhəsiz ki, bir gün atəşkəs olacaq, lakin Soyuq Müharibə daha uzun sürəcək. Bu prosesdə Türkiyənin rasional, balanslaşdırılmış və strateji xarici siyasətini davam etdirməsinə ehtiyac var və biz də prezidentimizin rəhbərliyi altında üzərimizə düşəni edəcəyik”.

Çavuşoğlu müharibənin davam etməsini istəyən ölkələrin olduğunu gördüklərini və bunun əvəzini Ukrayna və Rusiya xalqlarının ödədiyini söyləyib.

Ən qısa zamanda atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayan Çavuşoğlu Türkiyənin BMT-nin Baş katibi Antonio Quterreşlə mülki şəxslərin təxliyəsi ilə bağlı çalışdığını və Mariupoldan 600-dən çox mülki vətəndaşın təxliyə edildiyini bildirib.

BMT baş katibinin BMT, Türkiyə, Rusiya və Ukrayna da daxil olmaqla humanitar mövzularda təklif etdiyi təmas qrupunun olduğunu qeyd edən Çavuşoğlu “Yaxın günlərdə texniki səviyyədə də görüş keçirməyi planlaşdırırıq” deyib.



Әlaqәli Xәbәrlәr