"TBMM Türkiyə Cümhuriyyətinin ilkin mərhələsidir", T.Geylan

“TBMM-nin yaranması dünya tarixi boyu 17-ci türk dövləti olan gənc Türkiyə Cümhuriyyətinin ilkin mərhələsi olaraq da qəbul edilməlidir”, bu sözləri Türkiyənin nüfuzlu qurumlarından olan Türk Eğitim-Senin baş direktoru Talip Geylan deyir.

1404048
"TBMM Türkiyə Cümhuriyyətinin ilkin mərhələsidir", T.Geylan

 

  “TBMM-nin yaranması dünya tarixi boyu 17-ci türk dövləti olan gənc Türkiyə Cümhuriyyətinin ilkin mərhələsi olaraq da qəbul edilməlidir”. Bu sözləri Türkiyənin nüfuzlu qurumlarından olan Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının baş direktoru Talip Geylan deyir. O, söhbətə Türkiyə Böyük Millət Məclisinin tarixindən başladı:

  “100 il əvvəl türk milləti yaşadığı fövqəladə şərtlər və məhdud imkanları qıraraq öz ağlı ilə çətin bir imtahan verdi. 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi Osmanlı dövləti üçün Mondros Atəşkəs Müqaviləsilə (1918) sona çatmışdı. Bununla belə bu müqavilə müttəfiq qüvvələri qane etmədi və daha ağır maddələrlə dolu olan Sevr Müqaviləsini imzalatdırdılar. Bununla da torpaqlarımızda azadlığımıza son qoyan bu müqavilə və işğallara qarşı milli mübarizə mərhələsi başlandı: Mustafa Kamal Atatürkün 1919-cu ilin 19 mayında Samsuna gəlişi ilə Türk millətinin suverenliyi və yaranacaq Türkiyə dövlətinin başlanğıcı olaraq yeni mübarizə yolunda ilk addım atıldı.

  1920-ci ilin 23 aprelində Ankaranın Hacı Bayram Vəli məscidində qılınan cümə namazından sonra vəkillər, hərbçilər və məscid camaatı ilk Məclis binasının qarşısına yürüdülər. Dualarla üç qurban kəsildi. Bina qapısının qırmızılı-ağlı lentini Mustafa Kamal Paşa kəsdikdən sonra Türkiyə Böyük Millət Məclisinin ilk toplantısı keçirildi. İclasda açılış nitqi ilə çıxış edən ən yaşlı məclis üzvü  Şərəf bəy ölkənin işğala və əsarətə baş əyməyəcəyini, həmişə azad olmuş Türk millətinin hədəfinin yalnız müstəqillik olduğunu vurğuladı.

  Mustafa Kamal Paşa 24 aprel 1920-ci ildə TBMM-nin sədri seçildi və bundan sonra hökumətin kabineti müəyyən olundu.

  23 Aprel 2020-ci ildə bir əsrlik yaşını qeyd etiyimiz Türkiyə Böyük Millət Məclisinin 100 il əvvəl qurulması, türk xalqının savaş meydanlarında məharətli taktika və şücaəti növbəti türk igidlik dastanını yaratdı, yaddaşlarda yaşatdı. Xalqın içindən çıxan el qəhrəmanlarının zəfərlərinə “Ergenekonun XX əsrdə fərqli bir təzahürü” demək olar.

  TBMM-nin yaranması dünya tarixi boyu 17-ci türk dövləti olan gənc Türkiyə Cümhuriyyətinin ilkin mərhələsi olaraq qəbul edilməlidir. Bu türk parlamenti bir tərəfdən daxili və xarici düşmənlərə qarşı istiqlal mübarizəsi aparır, bir tərəfdən də Türkiyənin müasir mədəniyyət səviyyəsinə çatması yolunda qanun layihələri işləyərək əhəmiyyətli vəzifə yerinə yetirirdi. TBMM-nin iqtisadi, hərbi, sosial, hüquqi, ticari, sənaye, kənd təsərrüfatı, diplomatiya və təhsil sahələrdə qəbul etdiyi qərar və qanunlarla türk millətinin mühüm inkişaf səfərbərliyi başlandı. Türkiyə parlamenti xalqın ümidi olan övladlarına verdiyi əhəmiyyəti vurğulamaq üçün 23 aprel - Türkiyə Böyük Millət Məclisinin açılış gününü Milli Suverenlik və Uşaqlar Günü olaraq qəbul etdi: bu möhtəşəm gün Türkiyə və dünya uşaqlarına ərmağan olundu.

  Məlum “Covid-19” epidemiyası üzündən bu il Türkiyə Böyük Millət Məclisinin açılışı ilə 23 Aprel Milli Suverenlik Günü və Uşaq Bayramını təntənəli şəkildə və beynəlxalq səviyyədə qeyd edə bilmirik. Ancaq böyük Türk xalqı olaraq 83 milyon bir ağızdan, bir ürəkdən, əlimizdə Türkiyə bayraqları ilə evlərimizin eyvanlarında İstiqlal Marşını – Milli Himnimizi oxuya və uşaqlarımız üçün bu coşğunu yarada bilərik.

  23 aprel bizim qürur günümüzdür. Bu münasibətlə Qazi Məclisimizin açılışının 100-cü ildönümü, 23 Aprel Milli Suverenlik Günü və Uşaq Bayramı münasibətilə bütün xalqı və uşaqları təbrik edir, ulu öndər Atatürk, silahdaşları və bütün şəhidlərimizi bir daha hörmət, minnət və təşəkkürlər yad edirik”.



Әlaqәli Xәbәrlәr