Nümunəvi Həkim Olmağa Doğru VI Türkiyə Forumu

Türkiyənin paytaxtı Ankarada dekabrın 7-8 tarixlərində Nümunəvi Həkim Olmağa Doğru (Örnek Hekim Olmaya Doğru) VI Türkiyə Forumu keçirildi.

1319562
Nümunəvi Həkim Olmağa Doğru VI Türkiyə Forumu
Numunevi hekim olmağa doğru VI forum_02.jpg
Numunevi hekim olmağa doğru VI forum_03.jpg
Numunevi hekim olmağa doğru VI forum_04.jpg

 

  Türkiyənin paytaxtı Ankarada dekabrın 7-8 tarixlərində Nümunəvi Həkim Olmağa Doğru (Örnek Hekim Olmaya Doğru) VI Türkiyə Forumu keçirildi.

  Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, ölkənin Türkiyədəki Səfirliyi və Ankarada fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən təşkil olunan forumda Azərbaycan və Türkiyədən həkim və tibb sahəsində təhsil alan tələbə, məzun və mütəxəssislər, eləcə də müxtəlif sahələrdə tanınan şəxslər iştirak edirdi.

  Tədbiri giriş sözü ilə açan Azərbaycan Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə əvvəlcə dərnəyin fəaliyyəti və 6-cısı keçirilən forum haqqında qonaqlara ümumi məlumat verdi. Sonra Türkiyə Prezident Aparatı Ali Təhsil Qurumu İdarə Heyətinin üzvü, professor Zeliha Koçak Tufan çıxış edərək Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin ölkədə qarşılaşdıqları problem və onların həlli yolları barədə danışdı.

  Azərbaycanın Türkiyə səfiri Xəzər İbrahim Azərbaycan Həkimlər Dərnəyinin əməyinə yüksək dəyər verərək bunları söylədi:

  “Təbii ki, Azərbaycan gənclərinin Türkiyədə təhsil alması çox yaxşıdır. Amma ondan da yaxşısı və sevincli olanı Türkiyə və ya dünyanın istənilən ölkəsində təhsil alan gənclərimizin Vətənə dönüb əldə etdikləri təcrübələri öz diyarlarında tətbiq etmələri, paylaşmalarıdır, cəmiyyətin fiziki sağlığının qayğısına qalmalarıdır. Bu baxımdan nə yaxşı ki, Türkiyədə bakalavr, magistr və dissertant təhsili alan həkim gənclərimizin bir hissəsi Azərbaycana qayıdıb çalışır və ölkəmizin tibbinə dəyər qatırlar.”   

  Türkiyə Böyük Millət Məclisinin vəkili Şamil Ayrım Azərbaycan və Türkiyə tibb sahələrinin qarşılıqlı əlaqəsinin siyasi əhəmiyyətinə toxundu.  

  Türkiyə Səhiyyə Nazirliyi Ankara Şəhər Xəstəxanasının baş həkimi Əziz Əhməd Sural isə çıxışında bu sözləri diqqətə çatdırdı:

  “Birtərəfli düşünmək olmaz ki, yalnız Azərbaycan həkimləri Türkiyədə oxuyur, öyrənir, staj keçir və öz ölkəsinə qayıdıb tətbiq edir. İstər onların bura gəlişi, istərsə bizim həkimlərin Azərbaycana getməsi, qarşılıqlı təcrübə mübadiləsi faydalara səbəb olur. Çünki iki ölkənin ayrı-ayrı və köklü tibb təhsil sistemləri var. Ona görə də biz - tibb məzunu, həkimlər və mütəxəssislər bir-birimizdən qarşılıqlı olaraq çox şey öyrənirik: yəni həm biz sizdən, həm siz bizdən.”

  Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil İşləri üzrə müşaviri Nəcibə Nəsirova ölkədən kənarda təhsil alan azərbaycanlı tələbələrin ümumi vəziyyəti haqqında danışdı, onların həm Azərbaycan, həm Türkiyədə bir mütəxəssis, bir şəxsiyyət kimi yetişməsinin əhəmiyyətindən danışdı.

  Nümunəvi Həkim Olmağa Doğru VI Ankara Forumunda Azərbaycan Qəlb və Damar Cərrahları Dərnəyinin rəhbəri, professor Kamran Musayev, Azərbaycan Səhiyyə Nazirliyi Xalq Sağlığı və İslahatlar Mərkəzinin rəhbəri Qəhrəman Haqverdiyev, Türkiyə Səhiyyə Nazirliyi Təhsil, Sertifikasiya və Təchil Xidmətləri İdarəsinin rəhbəri Gülşən Budak Topaktaş, Azərbaycan Tibb Universiteti Təhsil İşləri üzrə məsul rektor müavini Samir Cavadov və başqaları da çıxış etdilər.  

  İki gün davam edən tədbir rəsmi hissə, panellər və bədii bölmədən – qala gecəsindən ibarət idi.

  Panellər “Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, "Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər", "Tibdə elmi araşdırma və nəşrlər", "Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları", “Musiqiçi və idmançıların gözündə nümunəvi həkimlik”, "Xaricdə təhsil və karyera fürsətləri" və digər əhəmiyyətli mövzuları əhatə edirdi.

  Forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etmək idi.

  Qeyd edək ki, Azərbaycanlı Həkimlər Dərnəyi 17 oktyabr 2014-cü ildə Türkiyənin paytaxtı Ankarada qurulub. Bu dərnək tibb sahəsində təhsil alan və xidmət göstərən azərbaycanlı həkim, səhiyyə işçiləri və tibb tələbələrinin birlik və həmrəyliyini birləşdirmək, ehtiyac və problemləri təyin edərək həll yolları tapmaq, Azərbaycan, Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq, araşdırmalar aparmaq, sağlıq siyasətlərinə dair görüşlər keçirmək və təkliflər vermək, bütün bunlarla keyfiyyətli və təsirli səhiyyə sisteminin inşasına töhfə vermək məqsədiylə yaradılıb.

  Azərbaycanlı Həkimlər Dərnəyinin İdarə Heyətinin sədri Fərid Kasımzadə, müavinləri Şahin Xanəlioğlu, Cəbrayıl Cəbrayılov, Altunay Muxtarlı, baş katibi Zaur Hacizadədir.



Әlaqәli Xәbәrlәr