Nümunə Həkim Olmağa Doğru VI Forumu Ankarada keçiriləcək

Tədbir 7 dekabr saat 09.00-da Ankara Şəhər Xəstəxanasının konfrans zalında, Azərbaycan və Türkiyə sənətçilərinin iştirakı ilə qala-konserti isə saat 19.30-da Grand Ankara Otelin Premium Balo salonunda olacaq.

Nümunə Həkim Olmağa Doğru VI Forumu Ankarada keçiriləcək

 

  Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən təşkil edilən həkimlər və tibb tələbələrinin VI Nümunə Həkim Olmağa Doğru (Örnek Hekim Olmaya Doğru) Türkiyə Forumu 7-8 dekabr (2019) tarixində Ankarada reallaşacaq.

  Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin dəstəyi ilə keçiriləcək bu böyük tədbirə dünyanın ən böyük xəstəxanalarından olan Ankara Şəhər Xəstəxanası ev sahibliyi edəcək.

  Forumda Türkiyə və Azərbaycanın dövlət adamları, alimləri, səhiyyə sistemi mütəxəssisləri iştirak edəcək və tibbin müxtəlif sahələri ilə bağlı mövzularda çıxışlar dinləniləcək.

  Əvvəlki forumlar və mövcud qeydlər nəzərə alınarsa, tədbirdə Türkiyə başda olmaqla Azərbaycan və xaricdən təxminən 300 həkim və tibb tələbəsinin iştirakı gözlənilir.

  İki günlük forumda "Tibb təhsili", "Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həll təklifləri", "Elmi araşdırma və nəşr", "Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları", "Türkiyə - Azərbaycan səhiyyə əməkdaşlığı imkanları", "Xaricdə təhsil və karyera fürsətləri", "Zəruri sağlıq sığortası: Türkiyə - Azərbaycan təcrübə paylaşması" və digər əhəmiyyətli mövzularda panellər təqdim ediləcək.

  2020-ci ildən etibarən Azərbaycanda tətbiq olunması planlaşdırılan zəruri sağlıq sığorta sistemi ilə əlaqədar Zəruri Sağlıq Sığortası Təşkilatının səlahiyyətli nümayəndəsi hədəf, plan və müddətdən bəhs edəcək.

  Türkiyədəki azərbaycanlı həkimlərin problemlərinin həlli üçün  Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən son illər görülən işlər və hazırlanan hesabatlarla əlaqədar hər iki ölkənin səlahiyyətliləriylə də görüşlər olacaq.

  İlk dəfə Nümunəvi Həkim Olmağa Doğru V Forumunda reallaşdırılan "Sənət adamlarının gözüylə nümunəvi həkimlik" iclasında bu il də tanınmış sənətkarlar iştirak edəcək.

  Beləliklə, Azərbaycanlı Həkimlər Dərnəyi bütün azərbaycanlı həkim, səhiyyə sahəsində çalışan işçilər, tibb təhsili alan tələbələr və sağlıqla bağlı problem və həll yollarını dinləmək istəyən hər kəsi 7-8 dekabr tarixlərində Ankarada təşkil olunan Nümunə Həkim Olmağa Doğru VI Forumuna dəvət edir !

  Bu böyük tədbirə qatılmaq üçün qısa qeydiyyat formasını doldurmaq kifayətdir: azhd.org/6forumkayit.

  Bu saytda (azhd.org) həm də Azərbaycanlı Həkimlər Dərnəyi haqqında məlumat əldə edə bilərsiniz.

  Sual və təklifləriniz üçün  azerhekimder@gmail.com və <mailto:azerhekimder@gmail.com> adreslərinə müraciət etmək mümkündür.

  Tədbir 7 dekabr saat 09.00-da Ankara Şəhər Xəstəxanasının konfrans salonunda başlayacaq. Həkimlərin şərəfinə Azərbaycan və Türkiyə sənətçilərinin iştirakı ilə təşkil edilən qala-konserti isə saat 19.30-da Grand Ankara Otelin Premium Balo salonunda olacaq.  

  Qeyd edək ki, Azərbaycanlı Həkimlər Dərnəyi 17 oktyabr 2014-cü ildə Türkiyənin paytaxtı Ankarada qurulub. Bu dərnək tibb sahəsində təhsil alan və xidmət göstərən azərbaycanlı həkim, səhiyyə işçiləri və tibb tələbələrinin birlik və həmrəyliyini birləşdirmək, ehtiyac və problemləri təyin edərək həll yolları tapmaq, Azərbaycan, Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq, araşdırmalar aparmaq, sağlıq siyasətlərinə dair görüşlər keçirmək və təkliflər vermək, bütün bunlarla keyfiyyətli və təsirli səhiyyə sisteminin inşasına töhfə vermək məqsədiylə yaradılıb.

  Azərbaycanlı Həkimlər Dərnəyinin İdarə Heyətinin sədri Fərid Kasımzadə, müavinləri Şahin Xanəlioğlu, Cəbrayıl Cəbrayılov, Altunay Muxtarlı, baş katibi Zaur Hacizadədir.



Әlaqәli Xәbәrlәr