Türkiyə təhlükəsiz bölgə yaratmaqda qətiyyətlidir

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fəratın şərqində yaradılacaq təhlükəsiz bölgə barədə bəzi xarici ölkə səlahiyyətlilərinin açıqlamaları ilə bağlı suala cavab verərək deyib...

Türkiyə təhlükəsiz bölgə yaratmaqda qətiyyətlidir

  Türkiyə Suriyada Fərat çayının şərqini terrorçulardan təmizləyərək təhlükəsiz bölgə yaratmaqda qətiyyətlidir.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fəratın şərqində yaradılacaq təhlükəsiz bölgə barədə bəzi xarici ölkə səlahiyyətlilərinin açıqlamaları ilə bağlı suala cavab verərək deyib:

  “Suriyadan qaynaqlanan bütün terror təhdidlərinə qarşı milli təhlükəsizliyə uyğun istənilən tədbirləri görmək Türkiyənin beynəlxalq hüquqa əsaslanan ən təməl haqqıdır. Türkiyə bu tədbirləri indiqədək müttəfiqlərilə birgə həyata keçirmək üçün maksimum cəhd göstərdi. Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgə vasitəsilə qanuni təhlükəsizliklə bağlı maraqlarımızın qorunması və ev-eşiklərindən didərgin edilən yüz minlərlə suriyalının təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarına imkan yaratmalıyıq.

  ABŞ vədlərini yerinə yetirmədi. Proses çərçivəsində ABŞ təhlükəsizlik qüvvələri Fərat çayının şərqini işğal altında saxlayan PYD/YPG terror təşkilatı ilə nəinki əməkdaşlığa son qoymadı, üstəlik münasibətləri gücləndirərək davam etdirdi, ölkəmizlə mövcud müttəfiqliq münasibətlərinə zidd mövqe tutdu.

  Türkiyə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıyan üzvü kimi terrorun hər növü ilə mübarizə aparmaq əzmindədir. Həmsərhəd olduğumuz Suriya ərazilərində DAEŞ-in ruh ekizi olan, ölkəmiz və insanlarımızla yanaşı Suriya xalqına qarşı cinayətlər törədən PYD/YPG/PKK terror təşkilatının gücünün artırılmasına göz yumula bilməz.

  Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləyərək öz maraqlarını və təhlükəsizliyini qorumaq, ayrıca Suriyada dinclik və təhlükəsizliyi təmin etmək məqsədilə bu etibarlı bölgəni yaratmaq əzmindədir. Bununla da bölgədə Suriyanın torpaq bütövlüyü ilə birliyinə qarşı ciddi təhdid də aradan qaldırılacaq və gələcəkdə DAEŞ və buna oxşar bir problemin baş verməməsi üçün güclü zəmin yaranacaqdır”.



Әlaqәli Xәbәrlәr