Anadolu bir daha vətən oldu şəhid və qaziləri ilə

Bir millətin diriliş dastanıdır 15 İyul tarixi

770863
Anadolu bir daha vətən oldu şəhid və qaziləri ilə

  Uzun illər hiyləgərcəsinə Türkiyə Silahlı Qüvvələri (TSK) içərisinə sızmış FETÖ mənsubları əmir səlahiyyətlərini aşaraq 15 iyul 2016-cı il tarixində cümə axşamı saat 21:00 radələrindən çevriliş cəhdinə başladılar. Bu təşəbbüs uzun illər çalışılmış ortaqlı beynəlxalq bir layihə idi və hədəfində Türkiyənin müstəqilliyi, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisi və hökumət orqanları var idi.

  Çevriliş cəhdini paytaxt Ankarada olan Akıncılar Hərbi Hava Bazası Qüvvələri Ankara və İstanbulda eyni vaxtda başladı. Qiyamçılar əvvəldən hazırladıqları plana əsasən İstanbulda Boğaziçi və Fateh Sultan Mehmet körpüləri, İstanbul Təhlükəsizlik Xidməti, Atatürk Hava limanı, TRT binaları kimi strateji obyektləri hədəfə aldılar. Ankarada isə Dövlət Milli Təhlükəsizlik Qurumu, Ankara Təhlükəsizlik Xidməti, Təhlükəsizlik Baş İdarəsi, Gölbaşı Polis Özəl Hərəkat Rəhbərliyi, Havaçılıq İdarəsi, Özəl Qüvvələr Komandanlığı, TRT Baş idarəsi, Türkiyə Böyük Millət Məclisi, Cümhurbaşkanlığı İqamətgahı və Ordu Baş Qərargahını hərbi əməliyyatla ələ keçirməyə çalışdılar. Bu zaman Türkiyə Hava Qüvvələrinin təyyarə, tank və maşınlarından istifadə etdilər. Təyyarə və vertolyotlar səhərə qədər aşağıdan uçuşlar edərək hədəflərinə bomba atır, tanklar prospekt və küçələrdən keçərək qarşısına çıxanı əzərək irəliləyir, maşınlar əsgər forması geymiş qiyamçı fetöcüləri daşıyırdı.

  İstanbul və Ankarada TRT binalarını da basdılar. Özünü Yurdda Sülh Şurası adlandıran iki qiyamçı şəbəkə üzvlərinin hazırladığı bəyanatı zorla aparıcıya oxutdurdu. Eyni bəyanat eyni vaxtda Ordu Baş Qərargahının saytına qoyuldu. Mətndə Türkiyə Silahlı Qüvvələrinin hakimiyyətə əl qoyduğu, bütün ölkədə küçəyə çıxma qadağası yazılırdı. Media qurumlarına bu bəyanatı təcili olaraq dərc etmək diktə olundu. Sonra Gölbaşı Polis Özəl Hərəkat Rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi, Cümhurbaşkanlığı İqamətgahı, TÜRKSAT, Ankara Təhlükəsizlik Xidməti binaları bombalandı.
  Bu işğalçı şəbəkə özlərinə görə hər şeyi düşünmüşdü. Amma unutduqları bir şey var idi: Allahın təqdiri və uca türk millətinin qüvvət və cəsarəti. Quran, azan və bayraqla yoğrulmuş tarix, şüur ​​və iman Türkiyə xalqının xarakteri idi. Bir fövqəladəlik qəhrəman övladları ayıq-sayıq olmağa çağırırdı.

  İlk olaraq Baş nazir Binəli Yıldırımdan "Ordumuz içərisindəki xain qrup qiyama görə layiq olduqları cəzanı alacaqlar" şərhi gəldi. Sonra sanki Bilal Həbəşinin oxuduğunu düşündürən bir lahuti səda ilə minarələrdən yüksələn salalar səsləndi. Daha sonra çevriliş cəhdinin əsas hədəfi, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bir televiziya kanalından millətə çağırışı gəldi: "Şəhərlərin meydanlarına, hava limanlarına tələsin. Millətimizdən böyük bir güc tanımırıq”. Bu çağırışdan sonra o qaranlıq çevriliş cəhdi məğlubiyyətə uğradı, pozuldu, bitdi. 

  Ərdoğan xalqa “küçəyə çıxın”, “müqavimət göstərin” deyincə evlərdən küçələrə, küçələrdən meydanlara, meydanlardan şəbəkənin işğal etdiyi yerlərə insan ​​seli axdı. İnamlı, inanclı ürəklərlə təyyarə, tank, vertolyot, zirehli maşın, güllə və bombalara meydan oxudu millətin cəngavər övladları. Qiyamçılardan ikisi silahsız şəkildə küçəyə çıxan əli yalın xalqa atəş açdı, bomba atdı. 

  İstanbul, Ankara başda olmaqla bütün Türkiyədə çevriliş əleyhinə etiraz və müqavimətlərdə əsgər, polis və mülki şəxs olmaqla 248 adam şəhid oldu, 1537 adam yaralandı.

  Türkiyə 16 iyul şənbə günü oyandığı zaman çevriliş cəhdi edənlərin təslimolma görüntüləri, qəhrəman övladlarının şəkilləri, Akıncılar Hərbi Hava Bazasında saxlanılan komandirlərin azad olunduqları xəbərlərini eşitməyə başladı. Axşam olmadan Türkiyənin bütün dövlət qurumları, xiyaban və küçələri qiyamçılardan təmizləndi.

  Bir millətin yenidən doğulma dastanıdır 15 İyul. Türkiyə xalqı dünyaya “Çanaqqala keçilməz” dedirtdiyi kimi “Türkiyə bölünməz, millət yenilməz” də dedirtdi həmin gün. O gün bütün uşaqlar böyüdü, gənclər yetkinləşdi Türkiyədə. O gün Türkiyə bayrağı göy üzü, məscidlərdən səslənən sâlâlar marş, təkbirlər isə çağırışı oldu xalqın.

  Anadolu bir daha vətən oldu şəhid və qaziləri ilə. O gün bir lider ətrafında yaxşılıq və ədalət üçün toplanma bərəkəti və qalibiyyəti gördü Türkiyə. O gün düşmən məğlub oldu, hər kəs yaşından artıq böyüdü. O gün yeni istiqlal marşını bir adamın deyil, bir xalqın necə yazdığına şahid oldu. O gün bir-birinə bağlanaraq vətəni, bayrağı və azanı daim müdafiə etməyi bir daha anladı Türkiyə xalqı. O gün bir daha “Böyük millət, böyük dövlət necə olur?” sualının cavabını Türkiyə dosta və düşmənə göstərdi. O gün Türkiyə dünyaya bir dastan yazdı.



Әlaqәli Xәbәrlәr