"The New Yorker" FETÖ-nün "30 illik çevriliş" hazırlığı barəsində yazdı

Çevriliş cəhdi və FETÖ-nün yaradılması ilə əlaqədar Dexter Filkins tərəfindn qələmə alınan məqalədə təşkilatın Türkiyədəki quruculuğu və üzvlərin liderləri Fətullah Gülənə bağlılıqlarından  bəhs olunur.

589288
"The New Yorker" FETÖ-nün "30 illik çevriliş" hazırlığı barəsində yazdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu jurnallarından biri olan "The New Yorker" Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə 15 iyuldakı qanlı dövlət çevrilişi cəhdini "30 illik çevriliş" başlığı ilə oxucularına təqdim etdi.

 Çevriliş cəhdi və FETÖ-nün yaradılması ilə əlaqədar Dexter Filkins tərəfindn qələmə alınan məqalədə təşkilatın Türkiyədəki quruculuğu və üzvlərin liderləri Fətullah Gülənə bağlılıqlarından  bəhs olunur.

 Filkins FETÖ-nün başda polis, kəşfiyyat, ordu və məhkəmə orqanları olmaq üzrə dövlətin strateji qurumlarına necə nüfuz etdiyini geniş bir şəkildə şərh etdiyi məqaləsində daha əvvəl Fətullah Gülən və bəzi üzvlərdən müsahibə aldığını  xatırladır.

 Güləndən müsahibə almaq üçün ilk dəfə 2014-cü ildə təşkilatın New Yorkdakı mərkəzinə gedərək müsahibə almaq istədiyi barədə müraciət etdiyini bildirən Filkins müraciətin Gülənin səhhəti ilə bağlı olaraq rədd edildiyini, lakin sonrakı il təşkilatın onunla əlaqə yaradaraq müsahibə üçün Gülənin malikanəsinə çağırdığını qeyd edir.

Gülənin nitqini “qarışıq və çətin başa düşülən" kimi səciyyələndirən Filkins: "Ona lideri olduğu hərəkatın siyasətlə əlaqəsi olub- olmadığını soruşanda, tərəfdarlarının çox olduğunu dedi. Heç bir vətəndaşın və ya sosial qrupun siyasətdən kənarda qala bilməyəcəyini, çünki siyasi qərarların və fəaliyyətlərin onların həyatlarına təsir etdiyini ifadə etdi" deyə bildirir.

 Gülənin yorğun göründüyünə işarə edən Filkins, təxminən 45 dəqiqədən sonra görüşün sona çatması barədə siqnal verildiyini deyir.

 Məqaləsində Gülənin Türkiyədə məhkəmə və polis orqanlarına sızma fəaliyyətinə geniş yer verən Filkins, aldığı müsahibələrdən sitatlar gətirir.

2011-ci ildə Ankaraya səfəri zamanı Orxan Qazi Ertəkin adlı bir hakimlə görüşündən bəhs edən Filkins, Ertəkinin onunla FETÖ-nün ədliyyə orqanlarındakı fəaliyyətinə dair məlumatlarını bölüşdüyünü qeyd edir.

Ertəkinin FETÖ üzvlərinin Hakimlər və Prokurorlar Ali Şurasına (HSYK) necə yerləşdirildiyindən danışdığını yazan Filkins, Ertəkinin "Gizli bir dildən istifadə edirdilər. Gülənçilər kimin seçiləcəyinə qərar verdilər və əməkdaşlıq etməyə ehtiyac hiss etmədilər" ifadələrini sitat gətirir.

 Filkins lisey illərində təşkilata qatılan, uzun illər FETÖ-nün yaradılmasında iştirak edən və əhəmiyyətli mövqelərə gəldikdən sonra təşkilatdan ayrılan Əhməd Keleşin Gülənin tanıdıldığı kimi təvazökar olmadığını, əksinə, böyüklük iddiasında olan və tərəddüdsüz itaət tələb edən biri kimi xarakterizə etdiyini bildirir.

 FETÖ üzvlərinin Gülənin qabağından qalan yeməklər üçün dava etdiyi bildirilən məqalədə Keleşin: "Gülən bütün bu hadisələrdən xəbərdardır, sadəcə gülərək cavab verir" sözlərinə yer verilir.

Dexter Filkins yazısında 17 il FETÖ hərəkatında iştirak etdikdən sonra 2003-cü ildə ayrılan Səid Alpsoyun Gülənin  ayaqqabısını geyinən birinin mərasimə qatıldığını və bu adamın ayaqqabısından bir parça dəri qoparılaraq saatlarla bişirildikdən sonra insanlar tərəfindən yeyildiyindən bəhs etdiyini yazır.

 Bəzi keçmiş ABŞ rəsmilərinin bəyanatlarına da yer verilən məqalədə  FETÖ üzvlərinin çevriliş cəhdində aparıcı rol oynama ehtimalının çox yüksək olduğu qeyd edilərək: “Çünki orduda onlardan daha böyük və bir-biri ilə əlaqəsi olan bir qrup yox idi" deyilir.

 Məqaləsində 2008 və 2011-ci illər arasında ABŞ-ın Türkiyə səfiri olan James Jeffreyin fikirlərinə də yer verən Filkins Jeffreyin Türkiyədəki 15 iyul qanlı çevriliş cəhdi haqqında: "Gülənçilərin dövlət çevrilişi təşəbbüsünə cəhd edəcək yeganə qüvvə olduğu" barədə fikrini də qeyd edir.

Filkins özünü podpolkovnik A.K. olaraq tanıdan bir şəxsin: "Gülənin lider qrupundan olduğunu düşündüyüm bir nəfər vasitəsilə bir həftə əvvəl çevriliş cəhdindən xəbərim vardı". ifadələrinə yer verilir.

 Filkins Prezident Aparatının sözçüsü İbrahim Kalının isə ona: "Gülən hərəkatı böyük cinayət təşkilatıdır. Təxminlərimizə görə, dövlət çevrilişi təşəbbüsünə qoşulan 11 mindən çox insan var. Gülən təşkilatı ilə hər hansı bir əlaqəsi olan, ədliyyə, özəl sektor, media və ya digər sahələrdə olanların hamısını təqib edəcəyik" dediyini bildirir.

 Məqalədə FETÖ-nün başçısı Gülənin ABŞ-da məskunlaşmasında mühüm rol oynayan və Gülənin yaşıl kart almasına yardım edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş cəsusu Graham Fullerin də fikirlərinə yer verilir.

Fullerin Mərkəzi Kəşfiyyat İdarəsindən ayrıldıqdan sonra “Siyasi İslam” mövzusunda elmi tədqiqatlar apardığı zaman Gülənlə tanış olduğuna işarə edən Filkins, Fullerin ona Mərkəzi Kəşfiyyat İdarəsi və Gülən arasında bir münasibətdən xəbəri olmadığını söylədiyini bildirir.

 Filkins Fullerin Gülən haqqında Federal İstintaq Bürosuna (FBI) dəstək məktubu yazdığını qeyd etdiyini və "Təkrar yazaram" ifadəsini işlətdiyindən də yazır.

 Filkins məqaləsində ABŞ diplomatı Stuart Smith tərəfindən 2005-ci ildə yazılan bir teleqrafda Türkiyə polisinin 3 yüksək səviyyəli rəsmisinin Gülənin ABŞ-da rahat yaşayışı ilə əlaqədar müraciət etmək üçün ABŞ-ın İstanbuldakı Konsulluğuna getdiyini də qələmə alır.

 ABŞ-dakı bəzi rəsmilərin gizli yazışmalarda Gülənə yaşıl kart verilməsinə qarşı olmalarına baxmayaraq, Gülənin  dostlarının onu dəstəkləmək üçün məktublar yazdığını və müraciətinə müsbət cavab verildiyini qeyd edən Filkins Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq cəsusu George Fidasın, ABŞ-ın sabiq Türkiyə səfiri Morton Abramowitzin və ən diqqət çəkəni, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Graham Fullerin bu dostlar arasında olduğunu vurğulayır.



Әlaqәli Xәbәrlәr