Avropa İttifaqı Türkiyənin terrora qarşı mübarizəsini dəstəkləməlidir! İ.Kalın

Türkiyə Prezident Aparatı (Cmhurbaşkanlığı) sözçüsü İbrahim Kalının məqaləsi

490870
Avropa İttifaqı Türkiyənin terrora qarşı mübarizəsini dəstəkləməlidir! İ.Kalın

  Türkiyə üçün Şengen bölgəsiylə sərbəst viza məsələsi milli təhlükəsizlik və siyasi hədəflər baxımından əlverişli olmamağa başladı.  

  Aİ-nin Türkiyə ilə imzalayacağı sərbəst viza anlaşması şərtləri arasında ölkənin anti-terror qanununun dəyişdirilməsini istəyən maddələr qoyulub ki, bunlar Türkiyə üçün təhlükə olaraq görünür. Loru dildə desək, bu, çox pis bir hərəkətdir. Üstəlik, Türkiyənin Aİ üzvlüyü prosesini təzələmək və qaçqın böhranını nəzarət altına almaq üçün Türkiyə-Avropa İttifaqı yol xəritəsini relsdən çıxarmağa bənzəyir.

  Aylarla sürən danışıqlardan sonra Türkiyə və Aİ Türkiyə vətəndaşları üçün sərbəst viza tətbiqiylə bağlı razılaşdı. Bu, qaçqın böhranına qarşı Türkiyə-Aİ yol xəritəsi tədbirlərinin bir hissəsi idi. 20 martdan etibarən Türkiyə Yunanıstan və digər Aİ ölkələrinə qeyri-qanuni yollarla girməyə çalışan suriyalı qaçqınları yenidən qəbul etməyə və birəbir siyasətinə uyğun olaraq suriyalıları qanuni yollarla Avropaya göndərməyə başladı. Qeyri-qanuni yollarla gələn hər kəsin müraciəti Türkiyədəcə avtomatik olaraq araşdırılır.

  Türkiyə və Yunanıstan sahili boyu görülən digər tədbirlər də qeyri-qanuni immiqrant sayını böyük nisbətdə azaldıb. Məsələn, keçən ilin oktyabr ayına qədər hər gün 5 mindən çox insan yunan adalarına qeyri-qanuni yollarla keçməyə çalışırdısa, indi bu rəqəm 100 nəfərdən də aza düşüb. Budur, yenidən qəbuletmə müqaviləsi işləyirlər. Suriya müharibəsinin sürdüyü, qaçqın probleminin xroniki hala çevrildiyi bir zamanda Aİ dövlətləri Avropa şəhərlərinin küçələrində meydana çıxan minlərlə qeyri-qanuni immiqrant problemini, deyəsən, artıq hiss etmirlər.

  Türkiyə vətəndaşları üçün sərbəst viza bu razılaşmanın bir hissəsi idi, hələ 2013-cü ildə imzalanmışdı və hər bir halda bu ilin oktyabrından qüvvəyə minməliydi. Amma özləri bu tarixi yaxşı niyyət göstəricisi olaraq iyun ayına gətirdilər. Yox, əgər Aİ Türkiyənin öz payına düşəndən daha artığını etməsini fikirləşirsə, bu barədə yaxşı düşünsün ki, mümkün deyil.

  Türkiyə Şengen bölgəsi üçün sərbəst vizanı xoş qarşılasa da, bunu öz milli təhlükəsizlik və siyasi prioritetləri bahasına qəbul etməyəcək. Əslində Türkiyə çoxdan Şengen viza sisteminin bir parçası olmalı idi. Körfəzdə Latın Amerikasına qədər bir çox ölkə bu sistemdə olduğu halda, Türkiyənin indiyə qədər Avropa İttifaqı viza rejiminə daxil edilməməsi Aİ-nın səhvidir. Türkiyə qəbul danışıqları davam edən, Aİ ilə gömrük sazişi olan, təxminən 5 milyon vətəndaşının Avropada olduğu bir ölkədir, amma hələ Şengen sisteminin bir parçası deyil. Bu necə ədalət, necə məntiqdir?

  Bundan daha pis olan isə ölkənin bir çox yerlərində terrorizmlə mübarizə getdiyi halda Türkiyədən anti-terror qanununun dəyişdirməsini istəməkdir. Bu məsələ müzakirə oluna bilər, amma Aİ-yə üzvlük və sərbəst viza söhbətlərinin içində tələb oluna bilməz.

  Səbəbi sadədir. Türkiyə PKK, DAEŞ, İnqilabçı Xalqın Qurtuluş Partiyası Cəbhəsi (DHPKC) və digər terrorçu təşkilatlarla mübarizə aparır. Təkcə keçən 8 ay ərzində Türkiyə terror təşkilatlarının hücumlarında 400-dən çox təhlükəsizlik qüvvəsi əsgəri və sadə vətəndaş itirib, eyni zamanda, bu təşkilatların yüzlərlə üzvü də öldürülüb. Cümə günü PKK tərəfindən 6 hərbçi Hakkari və Çukurcada şəhid edildi, 2 əsgər də onların helikopterlerinin düşməsi nəticəsində həyatını itirdi. PKK-nın Diyarbəkir, Hakkari, Mardin, Ankara və İstanbulda təhlükəsizlik gücləri və vətəndaşlara qarşı hücumlar səngimək bilmir. DAEŞ terrorçuları da Türkiyəyə hücum edərək onlarla adamı öldürdü. Kilis şəhəri hələ də Suriyadan atılan DAEŞ raketlərinin hücumu altındadır.

  Türkiyəyə müttəfiqləri ABŞ və Aİ kömək etsin, ya etməsin, o, bu terror təhdidlərinə qarşı mübarizə etməkdə qərarlıdır. Amma əsas sual budur: ölkə bu cür təhdidlərlə əhatə olunmuşkən, Suriya müharibəsi, DAEŞ təhlükəsi, qaçqın böhranı və yenidən dirilən PKK terrorunun yüklərini daşıdığı halda Avropa Türkiyədən anti-terror qanununun dəyişməyi necə gözləyə bilər? Paris və Brüssel terror hücumlarından sonra qəti-imkan tədbirləri görən Fransa və Belçikadan Avropa İttifaqı bunu istəyə bildimi? Bu, müzakirə mövzusu belə olmadı. Amma ilk gündən biz bu ölkələri hər cür terrora qarşı apardıqları mübarizədə dəstəklədik, dəstəkləyirik. İstər PKK olsun, istər DAEŞ, terrora qarşı mübarizədə Qərb müttəfiqlərimizdən eyni dəstəyi gözləmək bizim də haqqımızdır.

  Avropa şəhərlərində PKK əlaqəli onlarla təşkilat sərbəst çalışır, təbliğat aparır, üzvlərini artırır, pul toplayır və yığdıqları bu pulları PKK-ya göndərir. Avropalı ölkələr bunlara təzyiq etmək məcburiyyətindədir.

  Bir anlığa təsəvvür edək. Əgər Türkiyə və ya başqa bir müsəlman ölkəsi öz torpaqlarında Əl-Qaidə və DAİŞ əlaqəli qruplara qeyri-hökumət təşkilatları və ya NGO adı altında təbliğatat aparmağa, aralarına yeni üzvlər almağa və bu terrorçu təşkilatlar üçün pul toplamağa icazə versəydi, nə olardı?

  Türkiyə yol xəritəsinin tətbiqi və qaçqın böhranını nəzarət altına almaqda kömək etməyi istəyir. Şengen bölgəsinə sərbəst viza da bu prossesin təbii bir parçasıdır. Ancaq bu, Türkiyənin milli təhlükəsizlik prioritetləri bahasına edilə bilməz.

  Aİ-nin etməsi lazım olan ən ağla uyğun davranış Türkiyə və Avropadakı terrorçu qruplar və dəstəkçilərini cəsarətləndirən yeni qanuni tənzimləmələri tələb etmək yerinə Türkiyəni terrora qarşı mübarizədə dəstəkləməkdir.



Әlaqәli Xәbәrlәr