Zeytun yağlı bibər dolması necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə zeytun yağlı bibər dolmasını (zeytinyağlı biber dolması) təqdim edirik.

Zeytun yağlı bibər dolması necə hazırlanır?

  Türkiyə mətbəxində "zeytinyağlı" adıyla təsnif edilən xörəklər, ümumiyyətlə, soyuq yeyilən, ətsiz bişirilən və təbii ki, zeytun yağından istifadə edilməklə hazırlanan yeməklərdir. Əksərən tamamlayıcı yemək və ya məzə olaraq yeyilir. Bibər dolması da onlardan biridir. Hər hansı ət məmulatından istifadə edilmədən bişirilən bu dolma vegeterianlar üçün son dərəcə uyğun bir yeməkdir.

  Zeytun yağlı dolma üçün bizə nələr lazımdır, sadalayıram:

  • 16 ədəd kiçik dolmalıq bibər,
  • 1 stəkan yarım zeytun yağı,
  • 4 ədəd orta boyda soğan,
  • 2 stəkan düyü,
  • 2 xörək qaşığı şam fıstığı,
  • 12 xörək qaşığı kişmiş üzümü,
  • zövqə görə duz,
  • yarım (½) çay qaşığı qara bibər,
  • 1 çay qaşığı quru nanə,
  • 1 çay qaşığı Yamayka istiotu və ya qara dənə istiot (yenibahar),
  • 1 yemək qaşığı toz şəkər,
  • 2 stəkan su,
  • dolmanın ağzını (üzərini) bağlamaq üçün 3-4 ədəd pomidor.

  İndi isə başlayaq bibər dolmasını bişirməyə.

  Düyünü nişastası gedənə qədər yuyun, qalsın.

  1 stəkan yarım zeytun yağını qazanda azca isidin, doğranmış soğan və şam fıstığını onda qovurun. Soğanların rəngi tündləşəndə düyünü üzərinə töküb qovurmağa davam edin. Sonra duz, qara bibər, kişmiş üzümü, nanə və toz şəkəri əlavə edib yaxşıca qarışdırın. Daha sonra qarışığa 2 stəkan su tökün ki, düyü yaxşıca bişsin. Düyü bişdikdən sonra bir az ilıqlaşmasını gözləyin, sonra içinə Yamayka bibəri əlavə edin.

  Bu arada dolmalıq bibərlərin saplı qisimlərini və nüvəsini çıxarıb təmziləyin. Hazırladığınız qarışığı bibərlərin içlərinə doldurun.

  Pomidorları bir az qalın doğrayın və doldurduğunuz bibərlərin ağız qisimlərinə düyülər çölə daşmayacaq şəkildə yerləşdirin.

  Hazırladığınız dolmaları dərin bir qazana yerləşdirin. Üzərinə qalan yarım stəkan zeytun yağını tökün, dolmaların yarısına gələcək qədər su əlavə edin və orta hərarətli atəşdə 30 dəqiqə bişirin.

  Dolmalar soyuduqdan sonra nimçələrə istədiyiniz şəkildə düzüb yeyin, paylaşın. Nuş olsun.



Әlaqәli Xәbәrlәr