Tas kabab necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə tas kabab təqdim edirik.

Tas kabab necə hazırlanır?

  Tarixi çox qədimlərə gedən bu yemək Osmanlı mətbəxinin sevilən xörəklərindən biridir. Türkcə tas - içinə adətən sulu şeylər qoyulan, əsasən yarımkürə formasında metal qab deməkdir.

  Bir zamanlar mis taslarda bişirildiyi üçün bu yeməyin adı elə tas kabab qalıb. Hələ də köhnə üsulda tas kabab bişirən restoranlar olsa da, evlərdə bu yemək əsasən polad və ya qalın qazanlarda bişirilir.

  Tas kabab tək də yeyilə bilir, yanında kartof püresi və ya plovla da təqdim edilir.

  Artıq tas kababı hazırlamağa başlayaq.

  Tas kababı bişirmək üçün bizə nələr lazımdır, əvvəl onları sayaq:

  • yarım kilo quzu əti,
  • 1 yemək qaşığı maye yağ,
  • 2 yemək qaşığı kərə yağı,
  • 1 ədəd baş soğan,
  • 1 ədəd yerkökü,
  • 3 ədəd kartof,
  • 4 diş sarımsaq,
  • 2 çay qaşığı pomidor tomatı,
  • 3 stəkan qaynar su,
  • yarım (½) çay qaşığı duz,
  • istiot.

  Tas kababı bişirmək üçün əvvəlcə maye yağı qazanda isidin, kərə yağını əlavə etdikdən sonra xırda-xırda (quşbaşı) doğradığınız ətləri üzərinə tökün. Orta atəşdə ətlər suyunu buraxıb təkrar çəkənə qədər bişirin. Daha sonra xırda doğranmış soğanları qazana əlavə edərək ətlərlə birlikdə qovurun. Bir neçə dəqiqədən sonra üzərinə sarımsaqları tökün. Soğan və sarımsaqlar yumşalınca pomidor tomatını yeməyə əlavə edib qarışdırın, sonra üzərinə isti su əlavə edin.

  Sonda iri doğradığınız bərabər ölçülü kartof və yerkökü, duz və istiotu töküb qazanının qapağını örtün, zəif odda ətlər yumşalana qədər ən az 30 dəqiqə bişirin.

  Bəli, artıq tas kababımız hazırdır, nuş olsun.


Etiketlәr: Tas kabab

Әlaqәli Xәbәrlәr