27 Sentyabr - Vətən uğrunda İkinci Qarabağ Müharibəsinin başladığı gündür

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 4 il ötür

2042659
27 Sentyabr - Vətən uğrunda İkinci Qarabağ Müharibəsinin başladığı gündür

 

  27 Sentyabr - Vətən uğrunda İkinci Qarabağ Müharibəsinin başladığı gündür. Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 4 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

2020-ci ilin sentyabrın 27-də İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovmağa, ərazilərini düşmən qüvvələrdən təmizləməyə başladı. Belə ki, hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğalçı qüvvələrdən azad edildi.

Bundan sonra isə Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmağı bacardı, sürətli əks-hücum əməliyyatı həyata keçirməyə və əraziləri düşmən tapdağı altından azad etməyə başladı.

Azərbaycan Ordusu qanı və canı bahasına oktyabrın 3-də Tərtər rayonunun Madagiz qəsəbəsini düşməndən azad etdi. Daha sonra Prezident İlham Əliyev qəsəbənin tarixi Suqovuşan adını özünə qaytardı.

Müzəffər Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağını 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan Bayrağı qaldırıldı. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsidir. 

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.



Әlaqәli Xәbәrlәr