Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşü keçirildi

Qazaxıstan prezidenti Kasım Cömert Tokayevin ev sahibliyi etdiyi sammitdə Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Azərbaycan prezidentləri iştirak edib

2173742
Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşü keçirildi

 

  Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Azərbaycan ölkə başçılarının iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada VI Mərkəzi Asiya Məşvərət Toplantısı keçirilib.

  Qazaxıstan prezidenti Kasım Cömert Tokayevin ev sahibliyi etdiyi sammitdə Qırğızıstan prezidenti Sadır Çaparov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Tacikistan prezidenti İmomali Rəhman və Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər.

  Akorda prezident ikamətgahında olan tədbirdə çıxış edən Qazaxıstan prezidenti K.C.Tokayev Mərkəzi Asiya liderləri arasında keçirilən bu məşvərət görüşlərinin regional əməkdaşlığın artırılmasına xidmət etdiyinə diqqət çəkərək deyib: “Mərkəzi Asiyanın tranzit və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Şimal-Cənub Dəhlizi, Bir Kəmər və Yol Təşəbbüsü kimi layihələr önə çıxır.

  İnformasiya sahəsində də qarşılıqlı fəaliyyət intensivləşdirilməlidir. Birgə media məhsullarının hazırlanması üzrə işə başlamaq lazımdır.

  Digər mühüm mövzu ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqdır”.

  Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşündən sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan ölkə başçıları regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan “Mərkəzi Asiya-2040 Konsepsiyası” sənədini imzalayıblar.

  Azərbaycan prezidenti İlham Əliyev çıxışında Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələrinin dəstəyinin qardaşlıq münasibətlərinin göstəricisi olduğunu bəyan edib, Özbəkistan, Qazaxıstan və Qırğızıstana regionda təhsil müəssisələrinin tikintisinə görə təşəkkür edib və onlarla nəqliyyat və tranzitlə yanaşı enerji sahəsində sıx əməkdaşlıq etmək istədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr