Azərbaycan Fransaya reaksiya verdi
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana silah göndərməsi ilə bağlı açıqlama verdi

Azərbaycan Fransanın Ermənistana silah göndərməsini pisləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana silah göndərməsi ilə bağlı verdiyi yazılı açıqlamada bu ifadələrə yer verib:
"Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Fransanın Ermənistana hücum qabiliyyətinə malik “Bastion” çoxməqsədli zirehli texnika göndərməsini pisləyirik”.
Ayxan Hacızadə Fransanın bu addımının regionda vəziyyəti gərginləşdirəcəyini bildirib.
A.Hacızadə beynəlxalq ictimaiyyəti Ermənistanı silahlandırmaqdan çəkinməyə, bu cür qanunsuz fəaliyyətləri dayandırmağa və pisləməyə çağırıb.
Xatırladaq ki, oktyabr ayında Fransa ilə Ermənistan arasında silah satışı və hərbi yardım haqqında saziş imzalanıb.