İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub
Kremldən verilən bəyanata əsasən, liderlər Qarabağ məsələsini müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimi Putin arasında telefon danışığı olub.
Kremldən verilən bəyanata əsasən, liderlər Qarabağ məsələsini müzakirə ediblər.
Bəyanatda Vladimir Putin və İlham Əliyevin Qarabağda münaqişələrin tamamilə dayandırılması mövzusunda Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyinə diqqət çəkdiyi və bu kontekstdə rəsmi Bakı və erməni nümayəndələri arasında sülh qüvvələrinin vasitəçiliyi ilə başlayan danışıqlara böyük əhəmiyyət verildiyi bildirilib.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet kəsb edən addımların müzakirə olunduğu görüşdə Vladimir Putin Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Bəyanatda bildirilib ki, Azərbaycan tərəfi bu məsələlərlə bağlı Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu təsdiqləyib.
Bəyanatda həmçinin qeyd olunub ki, söhbət zamanı 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.
Prezident İlham Əliyevin sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə etdiyi və dərin hüznlə başsağlığı verdiyi bildirilib. Başverənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb.
Qeyd olunub ki, bununla bağlı hər iki ölkənin Baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidentinin həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirdiyi vurğulanıb.
Azərbaycan Müdafiə Nazirliyi Qarabağın Canyatak yaşayış məntəqəsi yaxınlığında Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olduğunu bildirmişdi.