Azərbaycan Fransa XİN-in bəyanatına münasibət bildirib
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı tənqidinə belə cavab verib: “Fransanın bu münasibəti onun bu gün üzləşdiyi müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almadığını və bu mövzuda əvvəlki siyasətini davam etdirdiyini göstərir. Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq tərəfimizdən görülən tədbirlər barədə Fransa Respublikasının Avropa və Xarici işlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edir və pisləyirik''.
Bəyanatda bildirilib ki, Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır. Bu baxımdan, hazırkı post-münaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bugünkü bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk.Fransanın bu münasibəti onun bu gün üzləşdiyi müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almadığını və bu mövzuda əvvəlki siyasətini davam etdirdiyini göstərir.