Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı öz işinə başladı
Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələdən sonra türk dünyasının köməyə ilk gələnlər arasında olduğunu bildirib.






Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələdən sonra türk dünyasının köməyə ilk gələnlər arasında olduğunu bildirib.
Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı prezident Ərdoğanın ev sahibliyi ilə öz işinə başlayıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Çaparov, Özbəkistan Prezidenti Şevket Mirziyoyev, ŞKTC-nin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanquli Berdiməhəmmədov iştirak edirlər.
Zirvə toplantısının açılışında liderlərə müraciət edən Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələdən sonra türk dünyasının köməyə ilk gələnlər arasında olduğunu bildirib.
“Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir” deyə qeyd edən dövlət başçısı deyib:
“Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq imkanımız var. Tarixi inkişafların türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, enerji və nəqliyyatın başçılıq etdiyi iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var.
Qardaş ölkələrin nisbətən qısa müstəqillik dövründə əldə etdikləri nailiyyətləri ümumi gələcəyimiz üçün çox vacib hesab edirəm. Bu nəhəng potensial təşkilatımızın təsir dairəsinin ölçüsünə işarə edir. Hər Zirvə görüşü ilə biz bu təsirin miqyasını və əsasını daha da gücləndiririk. Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək”.
Dövlət başçısı Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.