Xocalı soyqırımı və əsrin fəlakəti Ankarada birlikdə xatırlandı

Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə paytaxt Ankarada TADİV Şuşa Konfrans Mərkəzində "Kədərdə və qədərdə çiyin - çiyinə" adlı xatirə tədbiri keçirilib

1951685
Xocalı soyqırımı və əsrin fəlakəti Ankarada birlikdə xatırlandı
Xocalı soyqırımı və əsrin fəlakəti_Ankara_05.jpeg
Xocalı soyqırımı və əsrin fəlakəti_Ankara_04.jpeg

 

  Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə paytaxt Ankarada TADİV Şuşa Konfrans Mərkəzində "Kədərdə və qədərdə çiyin - çiyinə" adlı xatirə tədbiri keçirilib.  

  Xocalı soyqırımı və 6 fevralda Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Azərbaycan və Türkiyə millət vəkilləri, ictimai xadimləri və digər nümayəndələri iştirak ediblər.

  Mərasim soyqırım və zəlzələ qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin himnləri ilə başlayıb, dualar oxunub.

  Açılış çıxışı edən TADİV rəhbəri, professor Aygün Attar tədbirin təşkilinin əhəmiyyətini qeyd edərək bunun Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəy olduğunun göstəricisi olduğunu bildirib.

  Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xocalı soyqırımının mahiyyətinə toxunaraq bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu söyləyib.

  Səfirliyin müşaviri zəlzələ ilə bağlı da danışaraq Azərbaycan prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini vurğulayıb.

  Azərbaycan Milli Məclisinin üzvləri Kəmaləddin Qafarov, Anar Məmmədov, Türkiyə deputatları, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru, professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri, professor Abdurrahman Haçkalı çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

  Çıxış edənlər nitqlərində qısa zaman öncə Türkiyədə baş vermiş zəlzələyə yer verərək fəlakətin dağıdıcı miqyasından danışıblar və Azərbaycanın dövlət və xalq olaraq qardaş Türkiyəyə hərtərəfli dəstək verdiyini, həmrəylik nümayiş etdirdiyini xüsusi qeyd ediblər.



Әlaqәli Xәbәrlәr