İlham Əliyev: "Azərbaycan-Türkiye birgə universitetinin yaradılması böyük önəm daşıyır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyenin milli təhsil naziri Mahmut Özeri və Türkiye Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

1940681
İlham Əliyev: "Azərbaycan-Türkiye birgə universitetinin yaradılması böyük önəm daşıyır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyenin milli təhsil naziri Mahmut Özeri və Türkiye Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

Görüşün videokonfrans formatında baş tutmasına səbəb yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının olmasıdır.

Azərbaycanla Türkiye arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Azərbaycan dövlət başçısı Mahmut Özerin və Türkiye Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəyə səfərinin önəminə toxunub və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiye birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını deyib.

Mahmut Özer Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb. Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran nazir Mahmut Özer isə bildirib ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.

Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmut Özer Türkiyenin bu sahədə Azərbaycanla təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr