Ceyhun Bayramov və Sergey Lavrov Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər

Yanvarın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

1940386
Ceyhun Bayramov və Sergey Lavrov Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər

Yanvarın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneə törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.



Әlaqәli Xәbәrlәr