Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti dayandırılıb
Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb.
Azərbaycanın Tehrandakı diplomatik missiyasının əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da axşam saatlarında xüsusi təyyarə reysi ilə Tehrandan çıxarılıb. Ümumilikdə 53 nəfərin təxliyə edildiyi bildirilir.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi də həmin təyyarə ilə Bakıya aparılıb.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, səfirliyin fəaliyyəti diplomatik missiyanın və onun əməkdaşlarının təhlükəsizliyi ilə əlaqədar olaraq dayandırılıb.
“Hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur. Biz dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdik. Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb”, xarici işlər nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, səfirlikdə diplomatik nümayəndəliyin inzibati binasının və əmlakının mühafizəsi üçün beş əməkdaş qalıb.
“Lakin onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, Xələfov vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirir.
“Tehrandakı səfirliyimizin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki baş konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Nəzərə almalıyıq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki baş konsulluğa müraciət edə bilərlər. Təbrizdəki baş konsulluğumuzun mühafizəsi, orada çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin üzərinə düşür. Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalı, bu öhdəliklər çərçivəsində müvafiq tədbirləri görməlidir”, nazir müavini qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev də silahlı hücumu terror aktı kimi qiymətləndirib. Faktı ilə bağlı araşdırma aparılır.
Әlaqәli Xәbәrlәr
İlham Əliyev və Volodimir Zelenski arasında görüş olub
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.