Azərbaycan-Türkiyə müttəfiqliyi Qara dəniz hövzəsində də sülh bayraqdarıdır

TRT/Azerbaycan azərbaycanlı jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, AZƏRTAC xəbər agentliyi Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtının araşdırma yazısını təqdim edir

1870415
Azərbaycan-Türkiyə müttəfiqliyi Qara dəniz hövzəsində də sülh bayraqdarıdır

 

  Tarixin bütün dövrlərində ayaq basdığı torpaqlara müxtəlif mədəniyyət nümunələri gətirməklə silinməz tarix yazan türk xalqları öz missiyalarını müasir dövrdə də yerinə yetirirlər. Sülh carçısı olmaq müasir dövrün mədəniyyət nümunələri sırasında əsas anlayışdır. Ən azı ona görə ki, hazırda sülh və sabitlik bütün dünya üçün hava, su qədər əhəmiyyətli və vacibdir. İstər dünya əhalisinin ərzaq təhlükəsizliyi, istərsə də bəşəriyyətin ekoloji fəlakətdən qorunması sülh və sabitlikdən birbaşa asılıdır. Belə bir şəraitdə yürüdülən siyasətin real nəticələri deməyə əsas verir ki, Türkiyənin səyləri yalnız öz coğrafiyası üçün deyil, Avrasiyada pozulmaqda olan münasibətlərin qorunması baxımından əhəmiyyətlidir.

Yurdda sülh, cahanda sülh!

  Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün söylədiyi “Yurdda sülh, cahanda sülh!” çağırışının, sadəcə, beynəlxalq əhəmiyyətli şüar deyil, müasir dünyanın ehtiyac duyduğu gerçəklik olması Rusiya-Ukrayna müharibəsində özünü daha qabarıq şəkildə nümayiş etdirdi. Bu müharibə nəticəsində dünyanın üz-üzə qaldığı problemlər və risklər bunlardır:

–Müharibənin coğrafiyasının və iştirakçı tərəflərin sayının artması;

–Ərzaq qıtlığı və kütləvi aclıq;

–Ekoloji risklər və davamlı fəlakətlər;

–Enerji böhranı;

–Nüvə təhlükəsi və sair.

  Dünyanın elə bir ölkəsi yoxdur ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhran bu və ya digər formada onun həyatına, sosial-iqtisadi idarəetməsinə təsir göstərməsin. Bu il bütün dünyanın qarşısında duran başlıca problem Qara dənizdə “taxıl dəhlizi”nin açılması idisə, qarşıdakı illərdə məhz taxıl və digər məhsulların əldə edilməsi olacaq. Ən azı ona görə ki, “taxıl dəhlizi”nin yaranmasından daha vacib amil dənli bitkilərin əkilməsi, becərilməsi, məhsul yığımı və toplanması olacaq ki, mövcud müharibə bu prosesin idarə olunmasına birbaşa zərbə vurur. Prezident İlham Əliyevin dediyi kimi: “Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir”.

  Hazırda Türkiyənin taxıl ehtiyatları yerli məhsullardan ibarət olmaqla 4 milyon tona yaxındır. Ölkənin daxili ehtiyacları üçün məhsul tədarükündə heç bir problem yoxdur. Bu mövsümdə 19,5-20 milyon ton buğda istehsalı proqnozlaşdırılır. Türkiyə öz ehtiyaclarını daxili tədarük hesabına qarşılayacaq.

  Bu sahədə Azərbaycanda da müsbət dinamika mövcuddur. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır”.

  Azərbaycan və Türkiyənin kənd təsərrüfatı sahəsində apardıqları islahatları, eləcə də taxılçılıqda tətbiq edilən subsidiyaların səmərəli nəticələr verdiyini xatırladaraq qeyd etməliyik ki, istər Qarabağ zəfəri, istərsə də Türkiyənin həyata keçirdiyi strateji antiterror əməliyyatlarının uğurları hər iki ölkədə ərzaq təminatına mühüm təsir göstərir. Azərbaycanın 30 il işğal altında saxlanılan əraziləri kənd təsərrüfatına yararlı olduğu kimi, Türkiyədə də uzun illər terrorçuların nəzarətində olan çox böyük torpaq sahələri münbit və məhsuldardır. Qazanılan sülh və sabitlik istər ərzaq təminatında, istərsə də əhalinin məşğulluğunun artırılmasında özünü göstərməkdədir.

Azərbaycan-Türkiyə müttəfiqliyi Qara dəniz hövzəsində sülh bayraqdarıdır!

  Qarşıdakı illərdə taxıl və digər dənli bitkilərin becərilməsinə mane olan risklərin aradan qaldırılmasının yeganə yolu sülh və sabitliyin təmin edilməsidir. Ukraynada yerləşən “Zaporojye” Atom Elektrik Stansiyası ətrafında baş verənlər təsdiq edir ki, Rusiya-Ukrayna müharibəsi uzandıqca xüsusilə Avrasiya üçün birbaşa təhlükə olan nüvə riskləri dinamik yüksəliş vəziyyətindədir. Bu risk Qara dəniz və sahilyanı ölkələr üçün eyni dərəcəli təhlükə mənbəyidir. Vəziyyətin ciddiliyini nəzərə alan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, yeni bir Çernobıl fəlakəti yaşamaq istəmirik. Bəli, məlum müharibə, ilk növbədə, Qara dəniz sahili ölkələri üçün kövrək vəziyyət formalaşdırıb. Bu müharibənin təsirindən yan keçmək bölgənin bütün sahilyanı ölkələri üçün prioritetdir.

  Qara dənizdə ən uzun sahil zolağına malik olan Türkiyə yeganə tərəfdir ki, digər sahilyanı ölkələrin hamısı-Rusiya, Gürcüstan, Ukrayna, Rumıniya və Bolqarıstan ilə geniş əməkdaşlıq münasibətləri saxlayır. Ona görə də deyə bilərik ki, Türkiyə Qara dəniz hövzəsində sülh bayraqdarıdır. Burada Azərbaycan-Türkiyə müttəfiqliyi mühüm təsiredici gücə malikdir. Qara dəniz hövzəsi ilə bu və ya digər formada əlaqələri olan bütün tərəflər Türkiyənin sülh siyasətinə möhtacdır.

Antalya Diplomatik Forumundan Lvovdakı üçtərəfli görüşə uzanan sülh yolunda Azərbaycan-Türkiyə müttəfiqliyi

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətində birgünlük işgüzar səfərdə olub. Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüş mahiyyətinə görə bütün dünyanın ehtiyac duyduğu sülh yolunda rəsmi Ankaranın sərgilədiyi qətiyyətin təntənəsidir.

  Səfər çərçivəsində Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş infrastrukturun bərpasına dair anlaşma memorandumu imzaladılar. Məlumat verildi ki, yaxın vaxtlarda bərpa məsələləri üzrə birgə işçi qrupu yaradılacaq, türk sərmayəsinin cəlb edilməsi mexanizmləri işlənəcək, həmçinin əməkdaşlıq üçün konkret layihələr hazırlanacaq. Nəzərdə tutulur ki, Türkiyənin biznes və dövlət strukturları bərpa layihələri hazırlayacaq, həmçinin konsaltinq və texniki yardım göstərəcəklər.

  Ukrayna tərəfi Türkiyənin yol və körpü infrastrukturundakı təcrübəsinə güvənir və ondan faydalanmaq niyyətindədir. Yuxarıda haqqında bəhs edilən memorandumun Türkiyənin ticarət naziri Mehmet Muş tərəfindən imzalanması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Ukrayna üçün bərpa prosesinin başlanmasında, ilk növbədə, material təchizatına ehtiyac var ki, bu da istər tranzit imkanlarına, istərsə də yerli istehsal məhsullarına və mühəndis potensialına görə Türkiyədən asılıdır.

  Digər tərəfdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyandan dərhal sonra azad edilən rayonlarda geniş bərpa-quruculuq işlərinə start verildi. Qarabağa Böyük Qayıdış strategiyasının tərkib hissəsi olan bu prosesdə Türkiyənin aparıcı şirkətləri fəal iştirak edirlər. Fövqəladə şəraitdə fəaliyyət göstərməyi məharətlə bacaran türk şirkətlərinin Azərbaycandakı təcrübəsinin Ukrayna üçün cəlbedici olması təbiidir.

  Məsələnin siyasi tərəfinə gəldikdə, Türkiyə istər müharibədən əvvəl Rusiya-Ukrayna münasibətlərindəki gərginliyi azaltmaq və aradan qaldırmaq, istərsə də savaşı əngəlləmək və hərbi qarşıdurma yaranandan sonra sülhə nail olmaq üçün böyük səylər göstərib. Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünə nail olmaq Türkiyənin XXI əsr dünya diplomatiyasındakı ən böyük uğuru kimi tarixə düşüb. Buraya qardaş ölkənin İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qətiyyəti də əlavə etsək, deyə bilərik ki, Antalya Diplomatiya Forumundan Lvovdakı üçtərəfli görüşədək uzanan sülh yolunda Azərbaycan-Türkiyə müttəfiqliyi mühüm gücə malikdir. Ən azı ona görə ki, artıq enerji təchizatında, eləcə də enerji və tranzit daşımalarında asılılığı olmayan Türkiyə yaşadığımız yüzilliyin yeni güc mərkəzidir. İki qardaş ölkənin yürütdüyü müstəqil siyasət bütün tərəflər üçün faydalı və əhəmiyyətlidir.



Әlaqәli Xәbәrlәr