İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.

1849969
İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub.

Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib.

Zirvə Toplantını açan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Dövlət başçısı çıxışında deyib:

"Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.

Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır.

Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir"



Әlaqәli Xәbәrlәr