İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

1849891
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Qurbanqulu Berdiməhəmmədov 2002-ci ildə Aşqabadda keçirilmiş birinci sammitdə ulu öndər Heydər Əliyevin də iştirak etdiyini dərin ehtiramla yad edib.

Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğulayıb. Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd edib.

Qurbanqulu Berdiməhəmmədov iki dövlətin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.

Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Azərbaycan Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibətilə təbrik edib, qardaş Türkmənistanın inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona uğurlar arzulayıb.

Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi illərində Türkmənistanın neytrallıq statusunu möhkəmləndirməklə yanaşı, müstəqil xarici siyasət yürüdərək beynəlxalq arenada nüfuz qazandığını, sürətlə inkişaf etdiyini, paytaxt Aşqabadın ildən-ilə gözəlləşdiyini bildirib.

İkitərəfli münasibətlərə də toxunan Prezident İlham Əliyev iki ölkənin qarşılıqlı dəstəyini vurğulayıb, həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əsas məqsədin əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı siyasi fəaliyyəti daha da möhkəmləndirmək, mədəni əlaqələrin potensialını tam üzə çıxarmaq olduğunu deyib.

Zirvə Toplantısının əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ilk sammitin də 20 il əvvəl Türkmənistanın təşəbbüsü ilə keçirildiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr