Suriya ilə bağlı 18-ci Astana toplantısı

Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1843254
Suriya ilə bağlı 18-ci Astana toplantısı

 

  İyunun 15-ində Qazaxıstanın paytaxtı Nur-Sultanda başlayan Suriya ilə bağlı 18-ci Astana danışıqlarında suriyalı qaçqınların geri qaytarılması üçün təmin ediləcək şərtlər əsas gündəm mövzusu olacaq.

  Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 15 və 16 tarixlərində paytaxt Nur-Sultanda keçiriləcək Suriya üzrə 18-ci Astana danışıqlarına hazırlıq tamamlanıb.

  Astananın zamini olaraq Türkiyə, Rusiya və İrandan ibarət nümayəndə heyətləri iyunun 15-ində Suriya rejimi və hərbi müxalifətlə görüşəcək.

  Danışıqlarda Türkiyəni Xarici İşlər Nazirliyinin Suriya üzrə baş direktoru səfir Selçuk Ünalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

  Rusiyadan prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və İrandan xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının başçılıq etdiyi nümayəndə heyətləri olacaq.

  Birləşmiş Millətlər Təşkilatını Suriya üzrə xüsusi nümayəndəsi Geir O.Pedersen və siyasi məsələlər üzrə mütəxəssisi Robert Dunn təmsil edəcək. Əvvəlki iclaslarda müşahidəçi qismində olan İordaniya, İraq və Livandan bu dəfə yalnız İordaniya nümayəndə heyəti olacaq.

  Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri də görüşlərdə iştirak edəcəklər.

  Danışıqlar zamanı tərəflər suriyalı qaçqınların geri qayıtması üçün şəraitin təmin edilməsi, Suriyadakı humanitar və sosial-iqtisadi vəziyyət, Cenevrədə Konstitusiya Komitəsinin işi, etimad tədbirlərinin gücləndirilməsi, girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı və digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.

  İkitərəfli və üçtərəfli görüşlərlə başlayacaq Suriya üzrə 18-ci Astana danışıqları iyunun 16-da keçiriləcək əsas iclasla yekunlaşacaq.

  Xatırladaq ki, 2017-ci ilin yanvarından Qazaxıstanın paytaxtı Suriya böhranının həlli üçün yaradılmış Astana danışıqlarına ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr