Şimali Kipr Türk Respublikası olan Qıbrızda yeni hökumət quruldu
Kabinet siyahısını prezident Ersin Tatara təqdim edən Ünal Üstel daha sonra təşkil edilən mətbuat nümayəndələrinə açıqlamalar verərək deyib...
Qıbrızda, yəni Şimali Kipr Türk Respublikasında daxili işlər naziri, Girne millət vəkili Ünal Üstelin sədrliyi ilə Milli Birlik Partiyası (UBP), Demokrat Partiyası (DP) və Yenidən Doğuş Partiyasından (YDP) ibarət koalisiya hökuməti quruldu.
Kabinet siyahısını prezident Ersin Tatara təqdim edən Ünal Üstel daha sonra təşkil edilən mətbuat nümayəndələrinə açıqlamalar verərək deyib: “Uzun müddətdir davam edən hökumət böhranından sonra prezidentin mənə verdiyi konstitusiya hüququ əsasında yeni hökumət quruldu.
Siyasi partiyalarla görüşlərdən sonra hökumətdə çalışacaq deputatları təqdim etdik və bu adlar prezident Ersin Tatar tərəfindən təsdiqləndi”.
Daha sonra Qıbrız hökumətinin 40-cı kabinetindəki adları oxuyan Ü.Üstel yeni hökumətə uğurlar dilədi.
Xatırladaq ki, prezident E.Tatar mayın 9-da hökuməti qurmağı ölkənin daxili ilər naziri Ünal Üstelə tapşırmışdı.
Şimali Kipr Türk Respublikasında UBP sədri və keçmiş baş nazir Faiz Sucuoğlu UBP-DP və YDP-dən ibarət koalisiya hökumətinin istefasını aprelin 30-da prezident Ersin Tatara təqdim etmişdi. Ötən həftə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşən E.Tatar hökuməti qurma vəzifəsini etimad səsi ala biləcək deputata verəcəyini və növbədənkənar seçkilərin alternativ olmadığını açıqlamışdı.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında 23 yanvarda keçirilən növbədənkənar parlament seçkilərində UBP 39,54 faiz səslə birinci olub. Cümhuriyyət Türkiyə Partiyası (CTP) 32,4, DP 7,41, YDP 6,39, Xalq Partiyası (HP) isə 6,68 faiz səs toplayıb.