Müharibə üzdə Quzey Azərbaycan üçün görünsə də, Güney Azərbaycan özünü bu savaşın bir parçası gördü

Məhza Mehdilinin “44 günlük Qarabağ savaşında Güney Azərbaycan” kitabı Azərbaycan Respublikasında işıq üzü görüb

1815414
Müharibə üzdə Quzey Azərbaycan üçün görünsə də, Güney Azərbaycan özünü bu savaşın bir parçası gördü
Məhsa Mehdili_07.jpeg
Məhsa Mehdili_09.jpeg
Məhsa Mehdili_.jpeg

 

  Cənubi Azərbaycanın Türkiyədə oxuyub təhsil alan, GünAz televiziyasının proqram aparıcısı, Ankara Hacı Bayram Vəli Universiteti (əvvəlki Qazi Universiteti) Beynəlxalq Münasibətlər fakültəsinin məzunu və aspirantı Məhsa Mehdilinin “44 günlük Qarabağ savaşında Güney Azərbaycan” kitabı Azərbaycan Respublikasında işıq üzü görüb.

  İkinci Qarabağ Müharibəsi zamanı İranda yaşayan türklərin Azərbaycanın yanında olduğunu qələmə alan müəllif kitabın yazılma səbəbi ilə bağlı TRT/Azerbaycan saytına eksklüziv müsahibə verərək deyib: “Türkiyədə çıxan eyniadlı kitabda Azərbaycan Cümhuriyyətinin Ermənistana qarşı öz torpaqları uğrunda 44 günlük müharibəsi və bunun İranda böyük çoxluğu təşkil edən Azərbaycan türklərinə təsirindən danışılır. Amma Şimali Azərbaycanda çıxan kitaba 1 əlavə bölüm artırdım ki, o da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar” şeirini oxuması, buna İranın kəsklin reaksiyası, Azərbaycan torpaqlarına qarşı təhqirli ifadələr işlətməsi və s. də daxildir. Çünki bu şeirlə Azərbaycanın ikiyə bölünmə həqiqəti təkrar həm Türkiyə, həm hər iki Azərbaycanın ictimaiyyətinə çatdırıldı, üstəlik dünyanın aparıcı media qurumlarında işıqlandırıldı. Mən bunları ayrıntıları ilə kitabda əks etdrimişəm.

  Bu kitabı yazmaqda məqsədim nə idi? 44 gün Qarabağ uğrunda savaş Quzey Azərbaycana nə qədər təsir etdisə, Güney Azərbaycana da o qədər təsir etdi və bölgədə heç bir ölkəyə İrana olduğu qədər təsir etmədi. Bu məsələ az qala İranın daxili məsələsinə çevrilmişdi. Çünki Güney Azərbaycanlılar bir məsuliyyət şüuru ilə Qarabağ müharibəsi müddətində istər meydanlarda, istərsə mediada əllərindən gələni etdilər.

  Müharibə üzdə Quzey Azərbaycan üçün görünsə də, Güney Azərbaycan özünü bu savaşın bir parçası olaraq gördü, uşağı, böyüyü, gənci, qocası ilə birlikdə. Özümüz belə özümüzün belə olacağımızı təsəvvür eləməmişdik. Bu fədakarlıqlar bir az kölgədə qalsa da, yazılması müasir tariximiz baxımından çox əhəmiyyətlidir. Çünki Qarabağ uğrunda mübarizədə dünyanın bütün Azərbaycan türkləri eyni cəbhədəydi”. 

  Məhsa Mehdilinin “44 günlük Qarabağ savaşında Güney Azərbaycan” kitabının girişindən bəzi başlıqları təqdim edirik: “Tarixən müharibələr nəticəsində və Azərbaycan xalqının iradəsinə zidd olaraq iki yerə bölünmüş Azərbaycan torpaqlarının cənub bölgəsi bu gün İran sərhədləri daxilindədir. İranda 35 milyon olan Cənubi Azərbaycan türkü mərkəzi hakimiyyət tərəfindən qorxutma və cəhalət siyasətinin hədəfinə çevrilməsinə, məruz qaldığı sistematik hücumlara baxmayaraq, türklük və vətən anlayışı şüurlarından qidalanaraq özlərini Cənubi Azərbaycan Milli Hərəkatı tarixi prosesində görüb.

  27 sentyabr 2020-ci ildə Şimali Azərbaycanda səfərbərlik elan edilməsi ilə bu tarixdən bəri cəbhədə baş verən hadisələr Cənubi Azərbaycan ictimaiyyəti tərəfindən həssaslıqla izlənildi.

  Koronavirus epidemiyasının artdığı, iqtisadi böhran və maliyyə çətinliklərinin insanların ilk probleminə çevrildiyi bir vaxtda İranın Ermənistana verdiyi hər cür dəstəyin qarşısında durmaq və Şimali Azərbaycana dəstək olmaq Güney Azərbaycanlıların birinci və hətta yeganə prioriteti idi.

  Cənubi Azərbaycan türkləri Şimali Azərbaycandakı Qarabağ müharibəsinə küçələrdə mitinqlər keçirməklə reaksiya verdilər. Bu da yenə onu göstərdi ki, Güney Azərbaycan cəmiyyəti İrandakı azərbaycanlı olmayan müxalifət hərəkatlarından uzaqdır və müstəqil hərəkət edir. İran dövlətinin əsrlər boyu davam edən assimilyasiya və Azərbaycan-Türk şüurunu məhvetmə siyasəti bir daha uğursuzluğa düçar oldu.

  Cənubi Azərbaycanın Şimali Azərbaycanla əlaqələrinin gücü ortada idi. Millətinin iradəsinə zidd olaraq bölünmüş bir Vətənin ayrılığa üsyan etdiyinin şahidi olduğumuz bir dövr yaşandı.

  Qarabağın işğalının qonşu bir ölkənin və ya bölgənin deyil, öz torpağının işğalı olduğunu Cənubi Azərbaycanlılar bilirdi. Ona görə də Azərbaycanın yanında olduqlarını İrana və bütün dünyaya göstərdilər.

  44 günlük Qarabağ müharibəsi zamanı İranla Ermənistan arasındakı dostluq münasibətlərinə qarşı çıxan yüz minlərlə Cənubi Azərbaycanlı sosial media vasitəsi ilə və küçə mitinqləri təşkil etməklə Azərbaycan xalqının haqlı savaşında vətən cəbhəsi yaratdı. Qarabağın hər bir bölgəsinin Azərbaycanın şanlı ordusu tərəfindən işğaldan azad edilməsi Cənubi Azərbaycanda böyük coşqu və sevinclə qarşılandı, şəhid xəbərləri isə dərin kədərə səbəb oldu. Qarabağ müharibəsi parçalanmış Azərbaycanı işğala, işğalçıya və işğalı dəstəkləyənlərə qarşı birləşdirdi.

  44 günlük Qarabağ müharibəsi zamanı da Qarabağ məsələsinin Cənubi Azərbaycanlıların milli məsələsi olduğunun şahidi olduq.

  Böyük şair Bəxtiyar Vahabzadənin Azərbaycan torpağının ikiyə bölünməsinin yalnız kağız üzərində qaldığı və bir millətin ruhunun ayrılmaz olduğu həqiqətini bu misralarda bir daha yaşayırıq:

Ağalar bilmədi birdir bu torpaq,

Təbriz də, Bakı da Azərbaycandır.

Bir xalqın dilini, ruhunu ancaq

Kağızlarda üstündə bölmək asandır.

  44 günlük Qarabağ müharibəsi Ermənistan işğalı və terrorizminə qarşı böyük bir qələbədir. Eyni zamanda, ikiyə bölünmüş bütün Azərbaycanın şimalının və cənubunun Vətən Müharibəsində birləşdiyini göstərən bir reallıqdır. Qarabağ Zəfəri təkcə erməni işğalına qarşı deyil, Azərbaycan torpaqlarının parçalanmasına, ayrılmasına, Şimala və Cənuba bölünməsinə qarşı tarixi zəfərimizdir”.

  Qeyd edək ki, Məhsa Mehdili (Mehdizadə) Güney Azərbaycanın Səlmas şəhərində anadan olub. 2002-ci ildə oxuduğu Urmiya Dövlət Universitetində çıxan "Oyanış" jurnalının baş redaktoru çalışıb. Həmin universitetdə Azərbaycan türkcəsində “Şəhriyar” şeir və ədəbiyyat dərnəyinin, Azərbaycan Milli Hərəkatın fəal üzvü olduğuna görə dəfələrlə (2006, 2011) həbs edilib.

  2012-ci ildən həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayır. Ankara Hacı Bayram Vəli Universiteti Beynəlxalq Münasibətlər bölümünün məzunu və aspirantı, GünAz TV-də proqram prodüseri və moderatorudur.



Әlaqәli Xәbәrlәr