AZƏRTAC-ın büro rəhbəri “TRT AVAZ” telekanalının canlı yayımında olub

AZƏRTAC-ın büro rəhbəri “TRT AVAZ” telekanalının canlı yayımında Azərbaycan-Türkiyə qardaşlığından danışıb.

1798181
AZƏRTAC-ın büro rəhbəri “TRT AVAZ” telekanalının canlı yayımında olub

Türkiyənin “TRT AVAZ” telekanalında yayımlanan “Kültür, sanat, avaz” verilişinin növbəti buraxılışı Azərbaycan-Türkiyə qardaşlığına həsr olunub.

Verilişin qonağı olan AZƏRTAC-ın büro rəhbəri Sabir Şahtaxtı tanınmış yazıçı-publisist, teleaparıcı Yaqub Öməroğlunun suallarını cavablandırıb. Verilişin əsas mövzusunu Azərbaycanla Türkiyə arasında təmənnasız yardımlaşma, eləcə də ötən il Türkiyədə tüğyan edən meşə yanğınlarını söndürmək üçün Azərbaycandan gələn yanğınsöndürmə briqadalarının fədakarlığı təşkil edib.

Büro rəhbəri bildirib ki, Azərbaycanda da meşə yanğınları riskinin böyük olmasına baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə çox sayda yanğınsöndürən texnika və canlı qüvvə kömək üçün qardaş ölkəyə göndərilib. Azərbaycan yanğınsöndürənləri amansız alovla fədakarcasına mübarizə aparıblar. Bu fədakarlığı yaradan başlıca amil Azərbaycandakı Türkiyə sevgisidir. Azərbaycan yanğınsöndürənlərinin qısa vaxtda təbii fəlakət bölgəsinə yetişə bilməsi ölkələrimizin həyata keçirdiyi mehriban qonşuluq və səmimi dostluq siyasətinin təzahürüdür.

Veriliş boyu Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərini, meşə yanğınları ilə mübarizə aparan azərbaycanlı qəhrəmanların fədakarlığını, Azərbaycan-Türkiyə doğmalığının tarixi əsaslarını göstərən kadrlar nümayiş olunub.



Әlaqәli Xәbәrlәr