Doğru və obyektiv xəbərin 102 ildir dəyişməyən ünvanı - AZƏRTAC

Azərbaycanın ilk milli xəbər agentliyi yaranışının növbəti ildönümünü yeni binada qeyd edir.

1788070
Doğru və obyektiv xəbərin 102 ildir dəyişməyən ünvanı - AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 102 yaşı tamam olur. Bir əsrdən çoxdur ki, agentlik Azərbaycanın salnaməsini yazır: günbəgün, saatbasaat. Onun bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, göz önündə ölkənin və xalqın müxtəlif dövrlərdə keçdiyi yolun dolğun mənzərəsi yaranardı. Bu gün dünya informasiya məkanında layiqli yer tutan, beynəlxalq və regional media orqanlarında fəal təmsil olunan 102 yaşlı AZƏRTAC yaranışının növbəti ildönümünü Prezident İlham Əliyevin Sərəncamı ilə tikilərək ötən ilin sonlarında açılışı olmuş dünya standartlarına uyğun, hər cür şəraitə malik yeni binada qeyd edir.

1920-ci ildən başlayan yol – informasiya və tərcümə məktəbi

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri olan AZƏRTAC ötən müddətdə mürəkkəb və şərəfli yol keçib. Təfərrüata varmadan yalnız bir neçə məqamı qeyd etməklə kifayətlənmək olar. 1920–ci il martın 1-də Cümhuriyyət parlamentinin qərarına əsasən Teleqraf Acanslığı adı ilə fəaliyyətə başlayan ilk milli xəbər agentliyi cəmi 58 gün müstəqil fəaliyyət göstərdi. Lakin bu qısa müddətdə adını tarixə yazdıra bildi.

Təxminən 70 il sürən SSRİ imperiyası dövründə dəfələrlə struktur və ad dəyişikliyinə məruz qalması agentliyin keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrilmişdi. Bununla belə, imkan daxilində öz funksiyasını davam etdirirdi.

 

AZƏRTAC istər informasiya, istərsə də tərcümə sahəsində əsl məktəb rolunu oynayıb. Burada həm jurnalistlərin, həm də peşəkar tərcüməçilərin neçə-neçə nəsli yetişib. Onlardan biri də dövrünün tanınmış jurnalist və tərcüməçisi Bağır Seyidzadə idi. O, 1963-cü ildə Azərinforma (AZƏRTAC–ın keçmiş adı) direktor müavini vəzifəsinə təyin olunmuşdu.

Bağır müəllimin qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin atası haqqında xatirələrindən: “Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri – İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə “Gənc işçi” qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. O, Azərinformda ömrünün son gününə qədər - 1968-ci il martın 24-dək işlədi”...

 

 

AZƏRTAC-ın həyatında hərtərəfli dönüş 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başladı. Müasir texniki avadanlıqla təchiz olunan agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edərək Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC “Olivetti” markalı kompüterlərlə təchiz edildi.

 

Qanlı Yanvar günlərində respublikada heç bir qəzet çıxmadığı, televiziya verilişlərinin dayandırıldığı günlərdə AZƏRTAC-ın jurnalistləri iş başında idilər. Onlar ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində paytaxtdakı binaların divarlarına yapışdırırdılar. Fotomüxbirlər küçə və meydanları, xəstəxanaları gəzərək imperiya ordusunun törətdiyi cinayətləri lentə alırdılar. Sonradan bu fotolar bir sıra xaricə KİV-də dərc olundu. 20 Yanvar şəhidlərinin dəfn mərasimində çəkilmiş “Milyon qəlbin göz yaşları” adlı fotoşəkil isə bütün dünyada məşhurlaşdı.

 

1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC adlanır.

AZƏRTAC yeni ünvanda: Ağasadıq Gəraybəyli küçəsi, 63

Ötən bir əsrdə uyğunlaşdırılmış müxtəlif binalarda yerləşən AZƏRTAC hazırda fəaliyyətini yeni ofisdə davam etdirir. 2021-ci il dekabrın 27-də agentliyin yeni binası ilə tanış olan Prezident İlham Əliyev burada yaradılan şəraitdən məmnun qaldı. Qeyd etdiyimiz kimi, dövlət başçısının Sərəncamı ilə tikilmiş doqquzmərtəbəli (zirzəmi qatı ilə birlikdə) bina səkkizguşəli ulduz formasında layihələndirilib, müasir üslubda “nyus-rum” zalları yaradılıb. Yeni ofisdə geniş iclas salonu, yeməkxana, kitabxana, idman zalı da var.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıq nümunələrindən ibarət muzey təşkil olunub.

Prezidentin xüsusi diqqəti və qayğısı nəticəsində ərsəyə gəlmiş gözəl, zövq oxşayan binada bütövlükdə 225 əməkdaşın səmərəli çalışmaq, müasir texniki vasitələrdən, innovativ texnologiyalardan istifadə etmək imkanı var. Mübaliğəsiz demək olar ki, hətta inkişaf etmiş ölkələrdə çox nadir informasiya agentlikləri bu cür şəraiti olan ofisə malikdir.

 

 AZƏRTAC dünya informasiya məkanına necə çıxdı?

Azərbaycan müstəqillik qazandıqdan sonra qarşıda dayanan əsas hədəflərdən biri dünya informasiya məkanına çıxmaq, ölkəmiz barədə həqiqətləri mümkün qədər geniş coğrafiyada yaymaq idi. Bu barədə danışarkən ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın 80 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubundakı sözlər yada düşür: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.

İdarə Heyətinin sədri Aslan Aslanovun xatirələrindən: “Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı, OANA-nın (Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı) üzvü olmalıdır. O dövrdə bizdə hətta media sahəsində də belə bir beynəlxalq təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi, Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda üzvlüyün zəruriliyini və faydasını öncədən görürdü. 2004-cü ildə biz OANA-ya daxil olduq, 12 ildən sonra isə bu təşkilata rəhbərlik etdik”.

O qədər də uzaq olmayan keçmişdə Azərbaycanın beynəlxalq informasiya məkanına çıxış imkanları olduqca məhdud idi. Necə deyərlər, özümüz deyib, özümüz eşidirdik. Ulu Öndərimizin tövsiyəsi ilə bu ümdə vəzifəni məhz AZƏRTAC üzərinə götürdü. O, hazırda Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Həmçinin uzaq-yaxın ölkələrin 50-yə yaxın aparıcı xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır.

Tərəfdaşlar sırasında bütün qitələri əhatə edən xəbər yayımçıları, o cümlədən Türkiyənin Anadolu, Çinin Sinxua, Rusiyanın TASS, İranın İRNA, Yaponiyanın KYODO, Koreya Respublikasının Yonhap, Argentinanın TELAM, Səudiyyə Ərəbistanının SPA və digər nüfuzlu informasiya agentlikləri var. AZƏRTAC, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə yaxından əməkdaşlıq edir.

2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər media təşkilatının əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, OANA-nın XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi. Prezident İlham Əliyev forumların açılışında geniş nitq söylədi, tədbir iştirakçılarının bir qrupu ilə görüşdü. Beləliklə, Azərbaycan və AZƏRTAC öz adını dünya mətbuat tarixinə yazdırdı.

İldən-ilə genişlənən beynəlxalq əlaqələrin nəticəsidir ki, üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il AZƏRTAC-ın Azərbaycan həqiqətlərini, xalqın həyatını, ölkədə gedən inkişafı əks etdirən 15 min informasiyası, video və foto materialları yayılır.

AZƏRTAC-ın rəhbərliyinin və nümayəndələrinin yüksək səviyyəli beynəlxalq tədbirlərdə, media forumlarında iştirakına hər cür şərait yaradılıb. Bu da öz növbəsində beynəlxalq və regional media qurumlarında fəal mövqe tutmaqda, agentliyin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Bununla bağlı təsəvvür yaratmaq üçün bir neçə məqamı əks etdirən fotolara nəzər salmaq kifayətdir:

London, 17 may 2018-ci il, Press Association agentliyinin 150 illik yubiley mərasimi. Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbərləri ilə görüşür.

Hanoy, 19 aprel 2019-cu il. Vyetnamın Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi OANA icraiyyə komitəsi iclasının bir qrup iştirakçısını qəbul edir.

 Seul, 7 noyabr 2019-cu il. Koreya Respublikasının Prezidenti Mun Ce-in OANA-nın XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərləri ilə görüşür (nümayəndə heyətinin rəhbəri OANA-nın prezidenti Aslan Aslanovdur).

Vətən müharibəsi: AZƏRTAC informasiya cəbhəsində

Otuz il işğal altında saxlanılan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılan bu müharibə ölkə mətbuatı, o cümlədən AZƏRTAC üçün də bir sınaq oldu.

Fəaliyyətini müharibə dövrünün qanunları, ictimaiyyətə operativ və dürüst informasiya çatdırmaq prinsipi əsasında quran AZƏRTAC-ın kollektivi İkinci Qarabağ müharibəsi başlayan andan bütün yaradıcı və texniki potensialını səfərbər etdi. Xüsusilə gücləndirilmiş iş rejimində çalışaraq döyüş əməliyyatlarının gedişini anbaan işıqlandırdı, münaqişə və müharibə barədə həqiqətləri dünyanın hər yerinə yaymağa nail oldu. Eyni zamanda, düşmənin və onun havadarlarının yaydıqları feyk-xəbərlərlə mübarizə işinə öz töhfəsini verdi. Agentliyin saytında “Cəbhə xəbərləri”, “Dünya erməni faşizmini görsün”, “İşğaldan azad edilmiş şəhər və kəndlərimiz” adlı bannerlər yaradıldı və bu mövzudakı bütün materiallar müvafiq bölmədə cəmləşdirildi.

Cəbhə bölgəsinə ezam olunmuş çəkiliş qrupları erməni təxribatlarını atəş altında lentə alırdılar. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə xain hücumları, yaşayış məntəqələrini raket atəşinə tutması barədə hər gün yüzlərlə foto və videoxəbər, reportaj və informasiya hazırlanır və agentliyin saytında yeddi xarici dildə yayımlanırdı. Əlliyə yaxın ölkənin tərəfdaş informasiya agentlikləri və digər aparıcı dünya KİV-i müharibənin gedişini işıqlandırarkən etibarlı xəbər qaynağı kimi AZƏRTAC-ın məlumatlarına istinad edirdilər.

Eyni zamanda, agentliyin xarici ölkələrdə fəaliyyət göstərən xüsusi müxbirləri müharibə dövründə yerli mətbuatda çoxsaylı çıxışlar edir, televiziya və radiolara müsahibələr verirdilər.

Azad edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dağıntıları arxivləşdirmək, erməni faşizminin əsl simasını beynəlxalq aləmə çatdırmaq işində də agentliyin əməkdaşları yaxından iştirak edirdilər. Mina təhlükəsinə baxmayaraq, onlar viran qoyulmuş şəhər və kəndləri gəzir, çəkilişlər aparırdılar. Təəssüf ki, itkisiz ötüşmək mümkün olmadı. 2021-ci il iyunun 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov vəzifə borcunu yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid oldular.

Bu gün isə agentliyin müxbirləri azad Qarabağda həyata keçirilən möhtəşəm bərpa-quruculuq işlərini işıqlandırır, oxuculara xoş müjdələr çatdırırlar.

Yeni reallıqlar və çağırışlar fonunda yeni informasiya siyasəti

Vətən müharibəsində qazanılmış qələbə regionda yeni reallıqlar yaradıb. Düşmənin dağıdıb viran qoyduğu Qarabağ bu gün geniş tikinti meydançasını xatırladır. AZƏRTAC-ın müxbirlərinin sorağı Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilərdən gəlir. Onların hazırladığı reportajlar, foto və videoxəbərlərin bir çoxu tərəfdaş KİV-də də yer alır.

 

Vaxtilə AZƏRTAC yalnız iki dildə (Azərbaycan və rus dillərində) xəbərlər verirdi. Bu gün isə əlavə olaraq daha altı dildə - ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.

Agentliyin informasiya siyasəti, ilk növbədə, dinamik inkişaf edən, inqilabi islahatlar sayəsində günbəgün modernləşən Azərbaycana dünyada artan maraqla uzlaşdırılır. Hazırda AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir. Bu gün qarşıdakı əsas hədəf informasiyanın keyfiyyətini yüksəltmək, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməkdir.

XX əsrin 20-ci ilindən başlayaraq Azərbaycan tarixinə şahidlik edən AZƏRTAC indi XXI əsrin salnaməsini yazmaqdadır. Agentliyin bütün yaradıcı və texniki resursları ölkənin uğurları, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə xəbərləri daha geniş coğrafiyada yaymağa səfərbər edilib. Peşəkarlığını daim artıran, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına səylə yiyələnən, öz sıralarını yüksəkixtisaslı gənc kadrlarla möhkəmləndirən kollektiv yeni dövrün çağırışlarına adekvat cavab verməyə, informasiya məkanında öncüllüyünü qoruyub saxlamağa çalışır.

Göründüyü kimi, ötən 102 ildə AZƏRTAC-ın həyatı çox dəyişib, köhnə avadanlıqların yerini xəbərləri bir göz qırpımında dünyanın hər yerinə çatdırmağa imkan verən yeni texnologiyalar tutub. Lakin dəyişməyən təkcə bir cəhət var: AZƏRTAC 102 il əvvəl olduğu kimi, bu gün də obyektiv və doğru xəbərin ünvanı olaraq qalır.

https://azertag.az/



Әlaqәli Xәbәrlәr