1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Türkiyədə də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı

1679909
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

 

  Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası var idi. Ölkədə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olundu, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynadı. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası Azərbaycan türkcəsinin səs sistemini dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar Mirzə Fətəli Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Amma o vaxt bu ideyanı həyata keçirmək mümkün olmadı.

  1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu, yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.

  Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı.

  Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan türkcəsi əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

  Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzaladı. Bu fərmanla 1 Avqust Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.



Әlaqәli Xәbәrlәr