“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikada “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib.

1680739
“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikada “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib.

Azərtac informasiya agentliyinin məlumatına görə, gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət edib, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsinin önünə gül dəstələri qoyublar.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksləri ilə tanışlıqdan sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin açılış mərasimi olub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev bildirib ki, istər tarixi qələbə ilə bitən 44 günlük Vətən müharibəsindən əvvəl, istər döyüşlərin getdiyi vaxt, istərsə də sonrakı mərhələdə Türkiyə dövləti və xalqı Azərbaycanın haqq səsinə səs verib. Məhz təşkil olunan Zəfər Düşərgəsi də qazanılan qələbəyə həsr olunub, hər iki ölkənin gənclərinin birliyinin, bərabərliyinin bir daha əyani nümayişidir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun könüllülük proqramı üzrə iştirakçılarının sayı 500-ə yaxındır. Fond bütün gənclərin milli-mənəvi dəyərlərimizə sadiq, ətraf mühitə qayğıkeş, cəmiyyət həyatında aktiv könüllülər kimi formalaşması üçün səylə çalışır. Cəbi Quliyev göstərilən böyük qayğıya görə bütün gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu qeyd edib ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsi, qardaş ölkənin zəfəri türk xalqını olduqca sevindirdi. Bu tarixi məqamda Türkiyə Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi.

Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət, qazilərə şəfa diləyən Enes Eminoğlu bildirib ki, Türkiyə Gənclik Vəqfinin nümayəndələrinin budəfəki səfərinin hər iki qardaş ölkəni daha da yaxınlaşdıran, geostrateji məkan sayılan Naxçıvan Muxtar Respublikasına olması, burada Zəfər Düşərgəsinin təşkili olduqca önəmlidir. Gələcəkdə belə layihələrin davamlı xarakter alması hər iki ölkənin ümumi inkişafına böyük töhfə verəcək.

“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin önəmindən danışan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, bu düşərgənin türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda təşkili heç də təsadüfi deyil. Çünki məhz muxtar respublika iki qardaş ölkəni, Azərbaycan və Türkiyəni ən yaxın, 11 kilometrlik bir məsafə ilə birləşdirir. Həm də bu yurd ulu türk sivilizasiyasının beşiyidir. Qədim diyarda təşkil olunan Zəfər Düşərgəsi çərçivəsində hər iki ölkənin gəncləri bir-biri ilə daha da sıx münasibət yaradacaq, tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi daha dərindən öyrənəcəklər. Fərid Cəfərov türkiyəli gənclərin də Azərbaycan gəncləri ilə həmrəylik nümayiş etdirərək ölkəmizin haqq işinə hərtərəfli dəstək verdiklərini vurğulayıb, hər iki qardaş ölkənin gəncləri arasında belə tədbirlərin, layihələrin gələcəkdə də uğurla reallaşdırılacağını diqqətə çatdırıb.

Sonra Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən videoçarx nümayiş olunub.

Vətən müharibəsi qaziləri mayor Təbriz Zeynalov və baş leytenant Ümman Məmmədov çıxış edərək qazanılan parlaq qələbədən danışıblar, şəhidlərə və qazilərə göstərilən ehtiram və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.

Sonra Azərbaycan və Türkiyə respublikaları Gənclər fondlarının ortaq fəaliyyətinə dair və muxtar respublika ilə bağlı videoçarxlar nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında mahnılar səsləndirilib, “Şərur” Xalq Yallı Ansamblı yallı nömrələri ilə çıxış edib.

İyulun 31-dək davam edəcək “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin ilk günü rəngarəng konsert proqramı ilə başa çatıb.



Әlaqәli Xәbәrlәr