Türkiyə, Azərbaycan və Qıbrız parlament heyətləri ilk dəfə bir arada
Türkiyə məclisində üçlü toplantı təşkil edildi
Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komissiyası, Azərbaycan Milli Məclisi Xarici İşlər və Parlamentlərarası Əlaqələr Komitəsi və Şimali Kipr Türk Respublikası (ŞKTR) Parlamenti Hüquq, Siyasi İşlər, Xarici Əlaqələr Komitəsi üzvlərinin iştirakıyla Türkiyə məclisində üçlü toplantı təşkil edildi.
Türkiyə Böyük Millət Məclisi Xarici İşlər Komissiyasının sədri Akif Çağatay Kılıç çıxışında 2016-cı ilin 15 iyulunda Türkiyənin gələcəyinə, demokratiyasına, milli iradəsinə FETÖ (Fetullahçı Terror Təşkilatı) xainlərinin idarə etdiyi qiyamçılara qarşı bir millət olaraq necə dayandıqlarından bəhs etdikdən sonra deyib: “Azərbaycan və Qıbrız heyətlərinin yanımızda olmasından böyük xoşbəxtlik, qürur və şərəf duyuruq. Sizə təşəkkür edirik. Bu gün (15 iyul) Türkiyə Böyük Millət Məclisinin uca damı altında Azərbaycan, Qıbrız və Türkiyənin xarici işlər komissiyaları heyətləri ilk dəfə bir aradadır.
Qıbrızda 20 İyul tədbirlərində Azərbaycan heyəti millət vəkilləri ilə təmsil olunacaq. Bu, tarixi bir hadisə dünyaya çox dəqiq bir mesajdır. Yaxınlarda Ermənistan tərəfindən işğal edilmiş, Birləşmiş Millətlər Təşkilatının da təsdiqlədiyi və işğal altında olduğunu qəbul etdiyi bölgənizi qurtardınız. İndi də bütün dünyaya Azərbaycanın Qıbrızın yanında olduğunu göstərmək üçün Şimali Kiprə gedirsiniz. Bu, bizim üçün çox əhəmiyyətlidir."
Şimali Kipr Türk Respublikası Parlamenti Hüquq, Siyasi İşlər və Xarici Əlaqələr Komitəsinin sədri Jasmin Öztürk də öz növbəsindəki çıxışında belə əlamətdar gündə - 15 iyulda Türkiyə Böyük Millət Məclisində olmaqdan böyük məmnunluq duyduğunu dilə gətirib.
Azərbaycan Milli Məclisi Xarici İşlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov isə 15 İyul Zəfərinin Türk dünyası üçün əhəmiyyətli hadisə olduğunu vurğulayıb.