"Beynəlxalq birlik Ermənistanın Oxçuçayda törətdiyi ekoloji terrora susmamalıdır", Z.Z.Acar

Oxçuçay başda olmaqla, bölgədəki ekoloji terror, böhran halına görə Ermənistan hökumətinin və Zəngəzur mis-molibden kombinatının səhmlərinin böyük hissəsinə sahib olan Almaniyanın “CRONIMET Mining AG” şirkətinin birgə məsuliyyət daşıyır

1669311
"Beynəlxalq birlik Ermənistanın Oxçuçayda törətdiyi ekoloji terrora susmamalıdır", Z.Z.Acar

 

  "Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları hesabına Oxçuçayın normadan dəfələrlə çirkləndirilməsi dünya birliyi tərəfindən ekoloji terror aktı kimi dəyərləndirilməli, təbiətə qarşı törədilən bu cinayət dərhal dayandırılmalıdır. Transsərhəd çayları normadan artıq çirkləndirmək və bu çaylar vasitəsilə qonşu ölkələrin ərazilərinə çirkab axıtmaq təbiətin mühafizəsinə dair beynəlxalq konvensiyalara təhdiddir." Bu sözləri İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar bildirib.

  Oxçuçay başda olmaqla, bölgədəki ekoloji terror, böhran halına görə Ermənistan hökumətinin və Zəngəzur mis-molibden kombinatının səhmlərinin böyük hissəsinə sahib olan Almaniyanın “CRONIMET Mining AG” şirkətinin birgə məsuliyyət daşıdıqlarını diqqətə çatdıran Ziya Zakir Acar deyib: “Ermənistan ötən otuz ildə Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə çox ağır cinayətlər törədib. Bu cinayətlər, azərbaycanlılara qarşı terror və soyqırımı faktları həmin dövrdə dünya birliyindən gizlədilib. Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı əraziləri hərb yolu ilə geri qaytarması nəticəsində indi Ermənistanın bütün cinayətləri ifşa edilib. Oxçuçaya qarşı bu düşmənçilik ekoloji terror olaraq təkcə Azərbaycana deyil, qlobal mənada bütün təbiətə qarşı bəşəri cinayətdir. Haqlı olaraq belə bir sual çıxır: “CRONIMET Mining AG” şirkəti Almaniya daxil olmaqla, Avropa ölkələrində ekologiyaya bu qədər davamlı və genişmiqyaslı zərər vura bilərmi? Əlbəttə ki, yox. Ona görə də bütün Avropa ailəsindən tələb edirik, “CRONIMET Mining AG” şirkətinin bu qanunsuz əməllərinə etiraz səsinizi ucaldın”.

  Türkiyənin Araz sahilində yerləşən bölgələrinin Ermənistanın Araz çayına axıtdığı zərərli tullantılar nəticəsində ağır fəlakətlər yaşadıqlarını ifadə edən Ziya Zakir Acar diqqətə çatdırıb ki, xüsusilə İqdırın Qaraqoyunlu rayonunun Mürşitalı kəndi, Aralıq rayonunun Tazeköy və Aşağı Çiftlik kəndləri Ermənistanın ekoloji terrorunun əzabını çəkməkdə davam edirlər. Beynəlxalq birlik bu bəşəri cinayətlərə qarşı öz sözünü deməlidir.

  Qeyd edək ki, Türkiyənin şərq bölgəsində fəaliyyət göstərən QHT-lər Ermənistanın ekoloji terror fəaliyyətinə etiraz olaraq, yaxın günlərdə Araz çayının İqdır sahillərində aksiya keçirməyə hazırlaşırlar.



Әlaqәli Xәbәrlәr