Türkiyədə Rusiya arxivləri əsasında videokonfrans keçirildi

Paytaxt Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) videokonfrans formatında növbəti toplantısı keçirilib

1642011
Türkiyədə Rusiya arxivləri əsasında videokonfrans keçirildi

 

  Paytaxt Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) videokonfrans formatında növbəti toplantısı keçirilib.

  Əvvəlcə tədqiqatçı Müslüm Aktürk KASSAK-ın fəaliyyəti və videokonfransın mövzusu barədə məlumat verib. Sonra Türkiyə Prezidentinin baş müşaviri, tədqiqatçı-alim, professor Seyit Sertçelikin saxta “erməni məsələsi” ilə bağlı məruzəsi dinlənilib.

  Saxta “erməni məsələsi”nin yaranması, uydurma “soyqırım” iddialarının səbəb və məqsədləri barədə Rusiya dövlət arxivlərinin materialları əsasında müfəssəl məlumat verən professor Seyit Sertçelik diqqətə çatdırıb ki, ermənilər Birinci Dünya müharibəsində kütləvi şəkildə silahlanaraq Osmanlı dövlətinə qarşı döyüşən tərəf olub, Anadoluda yerli əhaliyə və Qafqazda Azərbaycan xalqına qarşı kütləvi qətliamlar, soyqırımlar törədiblər.

  Daha sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiyanın İdarə Heyətinin üzvü Hulusi Kılıç, ehtiyatda olan türkiyəli general, araşdırma heyətinin sədri Yücel Karauz, Azertac informasiya agentliyinin Türkiyə bürosunun rəhbəri, yazıcı, tədqiqatçı-jurnalist Sabir Şahtaxtı, Türkiyənin Erciyes Universitetinin professoru, Azərbaycan Erməni Araşdırma Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı, vəkil Güneyt Yüksel və başqalarının məruzə ətrafında çıxışları dinlənilib.

  Natiqlər ən qısa zamanda KASSAK-ın fəaliyyət istiqamətlərinin və görüləcək işlərin forma və metodlarının müəyyən olunmasının vacibliyini bildiriblər. Vurğulanıb ki, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Zəfər Azərbaycanın işğaldan azad olunan ərazilərində erməni vandalizminin əsl mahiyyətini üzə çıxarıb. Bu həqiqətlərin dünya birliyinə düzgün çatdırılması saxta “erməni məsələsi”nin əsl mahiyyətini ifşa edir.

  Sonda professor Seyit Sertçelik iştirakçıların suallarını cavablandırıb.



Әlaqәli Xәbәrlәr