Elnur zirvəsi

Şair Zaur İlhamoğlu doğulub boya-başa çatdığı Şəkinin qəhrəman oğullarından söhbət açır, Elnur İsgəndərov şəhidlik zirvəsini yazı və şeiri ilə təqdim edir

1618899
Elnur zirvəsi

 

    Azərbaycanın hər şəhəri, hər qəsəbəsi, hər kəndinin şərəfli zəfərdə payı vardır. Şair Zaur İlhamoğlu doğulub boya-başa çatdığı Şəkinin qəhrəman oğullarından söhbət açır, Azərbaycan Silahlı Qüvvələrinin zabiti - baş leytenantı, 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmiş Elnur İsgəndərov zirvəsini yazı və şeiri ilə təqdim edir.

Elnur zirvəsi

“Amal uğrunda ölmək-əbədi yaşamaqdır”, Şeyx Məhəmməd Xiyabani
 

  Amal uğrunda ölmək... Hər insanın bacara bilmədiyi bir ölüm, hər insanın keçə bilməyəcəyi bir yol. Bu ölüm şirin, bu yol şərəfli və müqəddəsdir. Xüsusən də bu amal vətən uğrundadırsa, onda bunu söz ilə ifadə etmək, dəyərini və qiymətini bildirmək mümkünsüzdür.

  Vətən üçün doğulmaq, vətən üçün yaşamaq və vətən üçün ölmək. Bu üç cəhəti özündə əks etdirən insan əsl vətəndaş, əsl vətən övladı, əsl vətən fədaisidir. Belə insanların həyatda tək bir amalı, məqsədi var-Vətən! Başqa heç nə onlara vətəndən önəmli, gərəkli ola bilməz.

  Belə vətən fədailərindən biri də öz qəhrəmanlığı, yüksəldiyi şəhidlik zirvəsi ilə ürəkləri fəth eləmiş cəsur oğullarımızdan biri Elnur İsgəndərovdur (01.06.1989 – 02.04.2016).

  1989-cu il iyunun 1-də Azərbaycanın qədim şəhərlərindən biri olan, Azərbaycanın qəhrəmanlıq tarixinə misilsiz töhfələr vermiş, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovu, Azərbaycanın Milli Qəhrəmanları Mikayıl Cəbrayılov və Elşad Yəhyayev kimi igidləri yetişdirmiş, saysız-hesabsız cəsur oğullar böyütmüş Şəki şəhərində dünyaya göz açıb. Şəki şəhər 11 nömrəli tam orta məktəbi bitirdikdən sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsinə yiyələnən bu vətən fədaisi Bakıda “N” saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində hərbi xidmətə başlayır. Vətən üçün canından keçməyə hazır olan vətən övladları kimi Elnur da 2016-cı ildə mənfur qonşumuz işğalçı və təcavüzkar ermənilərin aprel ayında törətdiyi təxribat - torpaqlarımıza növbəti hücum etmək cəhdinin qarşısını almaq üçün döyüşə atıldı. Bəli, digər vətən oğulları kimi o da içində gəzdirdiyi vətən sevgisini, köksündə döyünən ürəyin vətən eşqilə döyündüyünü sübuta yetirmək üçün döyüşə atıldı. Bunu sübut etdi də. Məhz öz ölümüylə - vətən üçün şirin canından keçməklə yüksəldiyi ən ali zirvə-şəhidlik zirvəsi ilə bunu sübut etdi.
  Elnur İsgəndərov isbat etdi ki, Vətən - bu vətən üçün doğulan, bu vətən üçün yaşayan və bu vətən üçün ölənlərindir. Ata-anasını, ailəsini, azyaşlı körpəsini Elnursuz buraxan Elnur vətənini yad əllərə buraxmadı, vermədi. O, zirvə fəth elədi. Şəhidlik zirvəsi. Dünyanın ən uca zirvəsini, hər əsgərin həsrətində olduğu, lakin hər əsgərin fəth edə bilmədiyi bir zirvəni fəth elədi. Elə bir zirvə ki, onun başına mələklər dolanar, o zirvə daima günəş nuruna qərq olar. Uca Allaha yaxın olan, Allah məkanından baxdığın da ilk gördüyü zirvədir şəhidlik zirvəsi. Şəhid olmaq çətindir. Çətin olduğu qədər də şərəflidir. Böyük Turan-Türk şairi B.Vahabzadənin sözlərilə desək:

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər,
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

  Elin qeyrətini, xalqının namusunu qoruyan Elnur da digər şəhidlərimiz kimi bu vəzifənin öhdəsindən layiqincə gəldi. Şəhidlər xoşbəxt insanlardır. Niyə xoşbəxt insanlardır dedim? Birincisi, onlar bütöv vətənin sevgisini qazana bildilər. İkincisi də ona görə xoşbəxtdirlər ki, onlar vətənə borclarını layiqincə ödəyə bildilər. Amerika yazıçısı Josef Fletçer deyib: “Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir”. Həqiqətən də böyüyüb boya-başa çatdığın, suyunu içdiyin, çörəyini yediyin doğma vətəninə borcunu ödəyə bilmirsənsə, demək bədbəxt insansan. Bu mənada şəhidlər xoşbəxt insanlardır.

  Elnur da digər şəhidlərimiz kimi bu xoşbəxtliyi qazandı, sevildi, əbədiyaşar oldu, unudulmaz oldu. Bəlkə də onun gələcəklə bağlı gözəl xəyalları, xoş arzuları var idi. Amma o, bütün bunların üstündən xətt çəkdi. Bəlkə onun o xəyalları, o arzuları həyata keçirməyə imkanı da var idi. Amma o, bu imkanın da üstündən xətt çəkdi. Niyə, nə səbəbə? Vətəni üçün, xalqı üçün, milləti üçün. Bunu hər insan bacarmaz. Gələcəkdə yaşaya biləcək gözəl həyatından, gözəl günlərindən vaz keçə biləcək tək insan var - Şəhid. Elnur və digər şəhidlərimiz bunu bacara bildilər. Onların arzuları yarımçıq qalsa da, ümidləri solsa da yeni bir həyat qazandılar. Torpaq üstündə yaşanan həyatdan da daha gözəl bir həyat – qəlblərdə, ürəklərdə yaşanan həyat qazandılar. “Yaşamaq” şeirimdə dediyim kimi:

Xoşbəxt o kəsdir ki, ömür yükünü
Sonadək fəxrlə daşıya bilir.
Xoşbəxt o kəsdir ki, öləndən sonra,
Çoxunun qəlbində yaşaya bilir.

Bədbəxtlik o deyil hansısa yaşda
Əcəl tamam ola, ömür qalmaya.
Bədbəxtlik odur ki, qəbrinin üstə
Səni yad edəsi adam olmaya.

  Elnur hər zaman qəlblərdə yaşayacaq, hər zaman yad ediləcək, hər zaman seviləcək. Doğulduğu doğma Şəkisinin girəcəyində bir “Elnur zirvəsi” ucalır. Vətənimizin şanlı bayrağının dalğalandığı və Elnurun adını daşıdığı  həmin zirvəyə Şəkiyə gələn hər kəs fəxarət hissi ilə baxır. Elnurun hazırda Şəki şəhər 8 nömrəli tam orta məktəbdə təhsil alan yadigarı Elman balamız da inanırıq ki, atasına, vətəninə layiqli bir oğul olacaq: Elman Elnur oğlu İsgəndərov.
  Ruhun şad olsun, igid!  Rahat uyu məzarında. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, səni sevən insanlar var, sən hər zaman ürəklərdə, qəlblərdə yaşayacaqsan. Bu torpaq vətən üçün döyüşənləri, canından keçənləri heç zaman unutmadı. Sən də unudulmayacaqsan. Hər zaman xatırlanacaq və yad ediləcəksən.

Şir kimi atılıb qanlı döyüşə,
Yağı düşmənindən öc alan igid.
Şirin həyatını qurban etməklə
Vətənin gözündə ucalan igid.

Şəhidlik zirvəsi fəth eləmisən,
Sən indi hər kəsdən yüksək yerdəsən,
Sən indi könüllər gəzən adamsan,
Sən indi büsbütün ürəklərdəsən.

Hər kəsdən çox sevdin öz torpağını,
Hər kəsdən çox sevdin doğma vətəni.
Bu qədər sevgiylə sevdiyin Vətən,
İllər keçsə belə unutmaz səni.

Allah bütün şəhidlərimizə rəhmət etsin.
 



Әlaqәli Xәbәrlәr