Qələbə ətirli Novruz bayramınız mübarək, əziz Azərbaycan xalqı!

21 Mart - Beynəlxalq Novruz Günüdür

1603537
Qələbə ətirli Novruz bayramınız mübarək, əziz Azərbaycan xalqı!
Novruz süfrəsi_02.jpg
Altay və Jalə_02_Novruz.jpg

 

  “Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”, Heydər Əliyev.  

  Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Azərbaycan Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2021-ci ildə fəsillərin ölkəyə daxilolma vaxtları haqqında məlumatına görə, bu il yaz fəsli – Novruzun ilk gününün ölkəyə qədəm qoyması martın 20-də yerli vaxtla saat 13:37-yə təsadüf edəcək.

  Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu Yeni ilin başlanğıcı kimi bayram etmişlər.

  Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

  Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

  2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.

  Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

  Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.

  “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır.

  Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir.

  “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.

  Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi.

  Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu.

  Qələbə ətirli Novruz bayramınız mübarək, əziz Azərbaycan xalqı.



Әlaqәli Xәbәrlәr