12 Mart – Azərbaycan Daxili Qoşunlar Günüdür

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər

1596581
12 Mart – Azərbaycan Daxili Qoşunlar Günüdür

 

  Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.

  1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.

  Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar. Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında da Daxili Qoşunların rolu danılmazdır.

  1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.

  Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkənin çox çətin bir dövrünə təsadüf edib.

  1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar Günü elan olunub. Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirib, onun formalaşmasında misilsiz tarixi xidmətlər göstərib.

  Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib.

  2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlandı. Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

  Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Azərbaycan Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.



Әlaqәli Xәbәrlәr