Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1598200
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev səfərin böyük önəm daşıdığını bildirərək deyib ki, çünki parlamentlərarası əlaqələrimiz də çox uğurla inkişaf edir. Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır. Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir.

Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq. Sizi bir daha ürəkdən salamlayıram. Xoş gəlmisiniz.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komissiyasının sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sədr qonaqları səmimi salamlayaraq səfərin iki ölkə əlaqələrinə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Spiker ötən həftə Bitlisdə baş verən helikopter qəzasında türk hərbçilərinin şəhid olması ilə bağlı qonaqların simasında türk xalqına, həyatını itirənlərin yaxınlarına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

İki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin daim inkişaf etdiyini vurğulayan sədr deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Qeyd edilib ki, Vətən müharibəsi dönəmində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərib, qardaş Türkiyə xalqı Azərbaycanın yanında yer alıb. Bu, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin real həyatda bariz təcəssümü idi. Prezident İlham Əliyev dediyi kimi, ölkələrimiz arasındakı münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Ortaq dilə, dinə, mədəniyyətə, tarixə sahib xalqlarımız arasındakı bu münasibətlər əsl qardaşlıq ruhuna söykənir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Kılıç Azərbaycana səfərindən nümayəndə heyəti üzvlərinin məmnunluq duyduqlarını söyləyib. Qeyd edilib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində bütün türk xalqı kimi, türkiyəli millət vəkilləri də bölgədə baş verən hadisələri diqqətlə izləyib, qardaş Azərbaycanın uğurlarına seviniblər. Azərbaycanın hiss etdiyini Türkiyə də hiss edirdi. Biz Azərbaycanla qardaşlığımızı hər zaman duymuşuq.



Әlaqәli Xәbәrlәr