Ankarada yaşayan bütün Azərbaycansevərlər dəvətlidir

Türkiyə paytaxtı ənənəsinə sadiq qalaraq Xocalı şəhidlərini yenə yada salacaq

1587480
Ankarada yaşayan bütün Azərbaycansevərlər dəvətlidir

 

  Türkiyə paytaxtı ənənəsinə sadiq qalaraq Xocalı şəhidlərini yenə yada salacaq.

  Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyindən Nərmin Mirzəyeva TRT/Azerbaycan saytına məlumat verərək bildirib: “İkinci Qarabağ Müharibəsi zamanı da Azərbaycan Respublikasının yanında olan Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi (Azaflı Sosyal Yardım ve Kültür Derneği) Ankara Keçiören Bələdiyyəsi ilə birlikdə, “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi və Azərbaycan Qadınları Mədəniyyət Dərnəyinin iştirakıyla 1992-ci ildə Azərbaycanın Xocalı qəsəbəsində yaşanan acı gerçəkləri bir daha duyurmaq üçün Türkiyənin paytaxtında “Xocalı şəhidlərini anma proqramı” təşkil edir.

  Tədbir 25 fevral saat 13:00-da Ankara şəhərinin Keçiörən rayonu Azərbaycan Xocalı Şəhidləri Parkı və Abidəsi qarşısında reallaşdırılacaq.

  Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil edilən proqramda Azərbaycanın Türkiyə üzrə səfiri Xəzər İbrahim, Keçiören Bələdiyyə sədri Turqut Altınok, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı, “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin solisti Gülçöhrə Sanqu, Azərbaycan Qadınları Mədəniyyət Dərnəyinin sədri Cavahir Əhmədova və başqaları iştirak və çıxış edəcəklər.  

  Tədbir Xocalı şəhidlərini 1 dəqiqəlik sükutla yad edilməsilə başlanacaq. Türkiyə və Azərbaycan respublikalarının himnləri və sonra Qurani-Kərim Təlavəti oxunduqdan sonra protokol çıxışları olacaq. Sonda Xocalı Şəhidləri Parkı və Abidəsi önünə əklil qoyulacaq.

  Ankarada yaşayan bütün Azərbaycansevərlər dəvətlidir."



Әlaqәli Xәbәrlәr