31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Dekabr ayının 31-i Dünya Azәrbaycanlılarının Hәmrәylik günüdür.

641129
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

1991-ci il, dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi İran və Türkiyə ilə sərhəddə tikanlı məftillərin söküldüyü günü – yәni, 31 dekabrı, Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Sovetində qərar qəbul olundu.

Milli günlər və bayramlar xalqın yaşadığı sınaqlardan vә çәtinliklәrdәn üzü ağ çıxmalarının şәrәfinə qeyd olunur. Yəni, bir növ varlıq-yoxluq döyüşünə başlayan və bu döyüşdən başı uca, üzü ağ çıxan xalqlar o anların sevincini gələcək nəsillərlә bölüşmәk üçün o günü bayram kimi qəbul ediblər. Bu günün qeyd olunmasında, qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi qürur vә bu qürurdan doğan özünə inamın bəxş etdiyi xoşbəxtlik әsasdır.



Әlaqәli Xәbәrlәr