Azərbaycan-Türkiyə müttəfiqliyi regiona sülh gətirən strategiyadır

Azərbaycanlı jurnalist, publisist və yazıçı Sabir Şahtaxtı TRT-nin Azərbaycan saytına “Azərbaycan-Türkiyə müttəfiqliyi regiona sülh, sabitlik və inkişaf gətirən beynəlxalq əhəmiyyətli strategiyadır” məqaləsini təqdim edib

1473359
Azərbaycan-Türkiyə müttəfiqliyi regiona sülh gətirən strategiyadır
Azərbaycan və Türkiyə bayraqları.jpg

 

  Azərbaycanlı jurnalist, publisist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru və Azərtac informasiya agentliyinin xüsusi müxbiri Sabir Şahtaxtı TRT-nin Azərbaycan saytına “Azərbaycan-Türkiyə müttəfiqliyi regiona sülh, sabitlik və inkişaf gətirən beynəlxalq əhəmiyyətli strategiyadır” məqaləsini təqdim edib.

Azərbaycan-Türkiyə müttəfiqliyi regiona sülh, sabitlik və inkişaf gətirən beynəlxalq əhəmiyyətli strategiyadır

  Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri, iki müttəfiq respublika arasında əlaqələrin yüksələn xətlə inkişafı, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr təkcə Qafqaz və Anadolu regionları üçün deyil, Avrasiyanın böyük bir hissəsi üçün xüsusi əhəmiyyət daşıyır. Türkdilli dövlətlərin zəngin təbii sərvətləri və milli inkişaf konsepsiyası Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin davamlı olması üçün perspektiv yaradır. Bu prosesin ayrı-ayrı istiqamətlərini çatdırmaq məqsədilə üçün Azərbaycan-Türkiyə müttəfiqliyinin əsaslarına qısa nəzər salmaq zəruridir.

  Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın çoxistiqamətli inkişaf strategiyasının mahiyyəti regionda sülhün bərqərar olunması, mehriban qonşuluq və səmimi dostluq, qarşılıqlı anlaşma və inkişaf amillərini özündə ehtiva edir. Bu strategiyanın əsasında Azərbaycan və Türkiyənin müttəfiqliyi dayanır. Çünki konkret olaraq özünümüdafiə imkanları dinamik inkişafda olmasa, kənar təsirlər heç bir iqtisadi layihənin reallaşmasına imkan verməz, yaxud da bu layihələrə real təhlükə yaradar. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mahiyyəti məhz bu amilə əsaslanır. Hər iki dövlətin rəhbərləri açıq şəkildə bəyan ediblər ki, heç bir ölkənin torpağına iddia etmirlər, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, təbii sərvətlərinə göz dikmirlər. Bununla belə, hər iki ölkə suveren hüquqlarını, o cümlədən ərazi bütövlüyünü təmin etmək və qorumaq, təbii sərvətlərindən azad şəkildə bəhrələnmək, kommunikasiya və geosiyasi imkanlarından səmərəli istifadə etmək hüququnu özündə saxlayır və üçüncü tərəfin bu prinsiplərə qarşı çıxmasına imkan verməyəcək.

  Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində davamlı inkişaf edən Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülhə, sabitliyə və inkişafa xidmət amili olmasını təsdiqləyən nəhəng işlərin faydası artdıqca bu ölkələrin cəlbediciliyi daha da çoxalır. Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin vətəndaşları gündəlik həyatlarında hiss edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq “Şərq-Qərb” nəqliyyat–kommunikasiya dəhlizi bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırıb. Bundan başqa, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha bir real nəticəsidir.

  Əlamətdar haldır ki, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin nəticəsi olaraq həyata keçirilən layihələr yeni iqtisadi perspektivlər yaradır. Bunlar aşağıdakılardır:

-TRANSXƏZƏR magistral enerji dəhlizinin qurulması;

-Türkdilli dövlətlərin TANAP layihəsi ilə üst-üstə düşən TASIM layihəsinə dəstək verməsi və iştirakı;

-Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçməklə daşınan Çin (Xian) – Türkiyə (İzmit-Köseköy) yük qatarlarının hərəkət müddəti 10 günə endirilməsi;

-Azərbaycanla Türkiyə arasında Qars-Naxçıvan təbii qaz və dəmir yolu xəttinin çəkilməsi.

  Qeyd etmək lazımdır ki, sadaladığımız bu perspektiv layihələr bu və ya digər formada Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TANAP, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttləri ilə birbaşa bağlıdır.

  Azərbaycan və Türkiyə birmənalı olaraq bəyan ediblər ki, xarici siyasətlərində qarşılıqlı münasibətlərin inkişafı prioritet məsələdir. Burada hərbi əməkdaşlıq mühüm strateji istiqamətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul etməsi, ertəsi günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfəri və nümayəndə heyətinin dövlətimizin başçısı tərəfindən qəbul edilməsi bir daha göstərir ki, iki qardaş ölkə həm beynəlxalq əhəmiyyətli iqtisadi layihələri gerçəkləşdirmək, həm də özlərinin bütün milli maraq və mənafelərini qorumaq strategiyasını əzmlə davam etdirəcək.

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 13-də ölkədə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul etdi. Bu görüşdən bəzi məqamlara diqqətə edək. Prezident İlham Əliyev: “Bir ay bundan əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, xarici işlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir”.

  Azərbaycan dövlət bacısının məlum görüşdəki nitqi beynəlxalq səviyyəli siyasi ekspertlər tərəfindən geniş şərh olundu. Ümumi rəy belədir ki, artıq 1990-cı illər çor geridə qalıb. Örtən otuz ildə hər iki qardaş ölkə geniş inkişaf yolu keçib. Azərbaycan suveren hüquqlarını qoruyur və müstəqil siyasət yürüdür.

  Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edib, Rusiyanın Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu vaxta qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu xatırladıb və telefon zənginin əsas məqsədinin Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu, bu məsələnin aydınlaşdırılmalı olduğunu vurğulayıb. Azərbaycan dövlət başçısı rusiyalı həmkarının diqqətinə onu da çatdırıb ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir…

  Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sözügedən görüşdə Azərbaycan dövlət başçısına xitabı çox duyğuludur: “Tovuzdakı son hücumu ilk gündən etibarən cənab prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik”.

  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə 2020-ci il iyulun 29-dan Azərbaycanda başlanan növbəti genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri bütün Qafqaz bölgəsinə sülh və əmin-amanlıq vəd edən tarixi səhifə oldu. Bu təlimlərin Azərbaycan və Türkiyəni hərbi komandanları tərəfindən izlənilməsi bir daha deməyə əsas verir ki, tərəflər var gücü ilə hərbi birliyin inkişafına səy göstərir. Bu strategiyanın qorunması Azərbaycan və Türkiyə xalqlarının mənəvi haqqı, dövlətlərimizin beynəlxalq hüquqla müəyyən olunan suveren hüququdur.



Әlaqәli Xәbәrlәr