Şərqin ilk müsəlman-türk dövləti - Azərbaycan

Azərbaycan Demokratik Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövlətidir

1422864
Şərqin ilk müsəlman-türk dövləti - Azərbaycan
Rəsulzadə.jpg

 

  1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqin ilk müsəlman-türk dövləti Azərbaycan Demokratik Respublikası quruldu.

  Azərbaycan Milli Şurasının ilk iclasında Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olundu və 6 bənddən ibarət istiqlal bəyannaməsi elan edildi.

  Əqdnamə adlanan həmin bəyannamədə deyilirdi:

  “Bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqlara malikdir. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

  Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır. 

  Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

  Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşları bərabər hüquqlarla təmin edir. 

  Azərbaycan Demokratik Respublikası ərazisində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün geniş imkanlar açır.” 

  Müəssisələr Məslisi toplanana qədər ölkəni hamılıqla seçilmiş Milli Şura və Milli Şuranın təşkil etdiyi hökumət idarə etdi.

  Elə həmin gün Milli Şura Azərbaycan hökumətinin yaradılmasıFətəli xan Xoyskiyə tapşırdı.

  Bir saat sonra hökumətin yaradılması haqqında Fətəli xan Xoyskinin məruzəsini dinləmək üçün Milli Şura iclasını davam etdirdi.

  Azərbaycanın ilk müvəqqəti hökuməti aşağıdakı tərkibdə təqdim olundu:

  • Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski,
  • müdafiə naziri – Xosrovpaşa bəy Sultanov, 
  • xalq maarifi və maliyyə naziri – Nəsib bəy Yusifbəyli, 
  • xarici işlər naziri – Məmməd Həsən Hacinski,
  • poçt-teleqraf və yollar naziri – Xudadat bəy Məlikaslanov,
  • əkinçilik və əmək naziri – Əkbər ağa Şüyxülislamov,
  • ədliyyə naziri - Xəlil bəy Xasməmmədov,
  • ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov,
  • dövlət nəzarəti naziri – Camo bəy Hacinski. 

  Bununla da Azərbaycan Milli Şurası xalq qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi.

  Azərbaycan Demokratik Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti oldu.

  Azərbaycan milli dövlətinin yaradılması bir sıra mühüm səbəblərə görə xalqın taleyində böyük bir tarixi hadisə idi. Belə ki, bura qədər Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafik və linqvistik çərçivədən kənara çıxaraq siyasi bir məna kəsb edirdi. Azərbaycan adlı dövlət qurması ilə xalq bütün dünyaya istiqlalını qazandığını və bunu millətin idealına çevirdiyini göstərdi.

  Azərbaycan Demokratik Respublikasının yaradılması həm də bütün dünyada gedən ictimai-siyasi proseslərin tərkib hissəsi olduğu üçün Rusiya imperiyasının dağılması baxımından da əhəmiyyətli hadisə idi. 



Әlaqәli Xәbәrlәr