Viza və qeydiyyat müddətini pozan vətəndaşlar üçün qərar verildi

Türkdilli Ölkələr Əməkdaşlıq Şurası (Türk Keneşi) dövlətlərinin immiqrasiya idarələri korona virusu (Covid-19) üzündən viza və qeydiyyat müddətini pozan vətəndaşlar üçün qərar qəbul etdilər

1413728
Viza və qeydiyyat müddətini pozan vətəndaşlar üçün qərar verildi

 

  Türkdilli Ölkələr Əməkdaşlıq Şurası (Türk Keneşi) dövlətlərinin immiqrasiya idarələri korona virusu (Covid-19) üzündən viza və qeydiyyat müddətini pozan vətəndaşlar üçün qarşılıqlı inzibati və cinayət məsuliyyətinə cəlb edilməmə qərarı verdilər.

  Azərbaycan Dövlət İmmiqrasiya Xidmətinin rəhbəri Vusal Hüseynovun sədrliyilə videokonfrans yoluyla təşkil edilən yığıncaqda Türk Şurasının baş katibi Bağdad Amreyev, Türkiyə Miqrasiya İdarəsinin baş direktoru Abdullah Ayaz, Qazaxıstan Miqrasiya Xidməti Komitəsinin sədr müavini Sabırcan Seytcanov, Qırğızıstan Miqrasiya İşləri üzrə Dövlət Komitəsinin sədri Bolotbek İbraimcanov, Özbəkistan İşəgötürmə və Əmək Münasibətləri Nazirliyinin Xarici İş Gücü Miqrasiya İdarəsinin rəisi Baxtiyor Tursunov və Macarıstan Xaricilər üzrə Polis İdarəsinin baş direktor müavini Cozef Seres iştirak edirdi.

  Epidemiyanın ayrı-ayrı ölkələrdə olan xaricilərin yaşayışına mənfi təsiri, müvəqqəti qeydiyyat icazəsi, viza və digər miqrasiya işlərilə əlaqədar problemlərin aradan qaldırılması üçün görüləcək ümumi tədbirləri müzakirə edən səlahiyyətlilər əlaqədar mövzularda məlumat mübadiləsi aparıblar. Tərəflər razılaşıblar ki, bu müddətdə viza və yaşayış icazəsini pozan vətəndaşlara qarşı heç bir inzibati və cinayət işi açılmasın. Bir-birinin torpaqlarında, o cümlədən hava limanları və sərhəd keçid məntəqələrindəki gözləmə ərazilərində vətəndaşlara hərtərəfli yardım və imkanlar yaradılmasının vacibliyini qeyd edən tərəflər immiqrantların hədəf ölkədə artıq qalmasına icazə verməklə müvəqqəti rahatlığı təmin etmək barədə razılıq əldə ediblər.

  Yığıncaqda Türk Şurası Miqrasiya Koordinasiya Qrupunun yaradılması da qərara alınıb.



Әlaqәli Xәbәrlәr