Azərbaycan “Covid-19”a qarşı birlikdəyik” Zirvə Görüşünü təşkil etdi

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə korona virusuyla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirib

1410949
Azərbaycan “Covid-19”a qarşı birlikdəyik” Zirvə Görüşünü təşkil etdi
İlham Əliyev.jpg

 

  Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə korona virusuyla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirib.

  Qoşulmama Hərəkatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə korona virusuyla mübarizəyə həsr olunmuş “Covid-19”a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü keçirilib.

  Zirvə görüşündə açılış nitqi ilə çıxış edən İ.Əliyev deyib:

- “Covid-19” qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə bu virusa qalib gələ bilərik. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən II Zirvə Görüşüdür. Bundan əvvəl – aprelin 10-da ölkəmizin təşəbbüsü və sədrliyilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirildi. Videokonfrans yoluyla təşkil edilən görüşdə Azərbaycanda korona virusunun yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verdik, pandemiya dövründə bizim üçün prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğunu göstərdik. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alındı. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb”.

  Azərbaycan prezidenti İlham Əliyev pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışıb, bu məqsədlə 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib.

  Sammitdə dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın "Covid-19" pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.

  Sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Ticani Məhəmməd Bande çıxış edərək deyib: “Heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəkləyir və istəyirik ki, “Covid-19” virusunun yayılmasının qarşısını tezliklə alaq”.

  Daha sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub: “Bu təşəbbüsə görə Azərbaycan respublikasının prezidenti İlham Əliyevə təşəkkür edirik. Böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır”.

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan hökumətinə və xalqına ÜST-ə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkür edib, həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün prezident İlham Əliyevə minnətdarlığını bildirib. Baş direktor pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib ki, səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik.

  Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat da Zirvə görüşünün təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edərək bildirib: “Pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rol danılmaz və əhəmiyyətlidir. BMT ilə olan işgüzar münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən dövlətlərik”.

  Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində bunları qeyd edib: “Covid-19” dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdi. Bu, oyanış üçün qlobal bir çağırış oldu”.

  Sammitdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları da çıxış ediblər.

  Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə Görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib. Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan nəinki milli səviyyədə “Covid-19”la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.



Әlaqәli Xәbәrlәr