Qondarma “seçkilər” Qarfqazda sülhə və sabitliyə bir daha zərbə vurdu

Azərtac informasiya agentliyinin Türkiyə üzrə büro rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtahtı sözügedən mövzu ilə bağlı TRT/Azerbaycan saytına fikirlərini bölüşüb.

1392487
Qondarma “seçkilər” Qarfqazda sülhə və sabitliyə bir daha zərbə vurdu

 

  Azərtac informasiya agentliyinin Türkiyə üzrə büro rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtahtı sözügedən mövzu ilə bağlı TRT/Azerbaycan saytına fikirlərini bölüşüb. S.Şahtahtı deyir: “Martın 31-də Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquqa zidd olmaqla bərabər regionda sülhə və inkişafa ən böyük təhdid oldu. Baş verənlər bir daha göstərir ki, təcavüzkar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında iştirak etməsi görüntü xarakterlidir. Əsl həqiqət odur ki, qarşı tərəf Azərbaycan ərazisinin 20 faizinin işğalından əl çəkmək niyyətində deyil.

  Görünür, buna görədir ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkilər”i heç bir beynəlxalq təşkilat və ölkə tanımadı. Üstəlik bu “seçki” şousunu ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar, nüfuzlu KİV-lər və görkəmli şəxslər “məqsədli təxribat”, “Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım”, “münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl” və “beynəlxalq hüquq normalarına təhdid” olaraq dəyərləndirdilər.

  Saxta “seçkilər”dən dərhal sonra Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar işğalçı Ermənistanın təxribatçı fəaliyyətinə qarşı etiraz səslərini bir daha ucaltdılar. O cümlədən, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Moldova, Serbiya, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan, İran və başqa ölkələr bu “seçkiləri” tanımadıqlarını rəsmi şəkildə bəyan etdilər. Bəyanatlarda xüsusi qeyd olundu ki, qondarma “seçkilər” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qızışmasına təsir göstərə biləcək siyasi addımdır.

  Bu barədə fikir və mülahizələrimizi əsaslandırmaq üçün sözügedən hadisəyə qarşı siyasi münasibətlərdən bəzi məqamlara və faktlara diqqət yetirək:

- Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında deyilir ki, Ermənistan tərəfindən ərazilərin işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən, BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir;

- Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanatında bildirilir ki, qurum 2020-ci il martın 31-də Dağlıq Qarabağda “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır;

- Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər”in təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq;

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə belədir: “Həmsədrlər bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”. NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar da ATƏT-in Minsk qrupu ilə eyni mövqedədir.

  Dağlıq Qarabağda keçirilmiş qondarma “parlament və prezident seçkiləri” Bosniya və Herseqovina ziyalılarını da hiddətləndirib. Bu barədə məqalə dərc etdirən “İntellektuallar Assosiasiyası”nın prezidenti Adil Kulenoviç baş vermiş bu qanunsuzluğu tənqid edib. Monteneqro mətbuatında Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsində mart ayının 31-də keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni pisləyən məqalələr dərc olunub.

  Başqa bir misal. Türkiyənin ölkəmizdəki sabiq səfiri, görkəmli diplomat Hulusi Kılıç deyib: “Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament seçkiləri”nin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir2.

  ...Heç şübhəsiz, təcavüzkar Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim işğal altındakı ərazilərdə qondarma “seçkilər” təşkil edərkən Azərbaycan tərəfi başda olmaqla dünya ictimaiyyətinin bu məsələyə kəskin etiraz edəcəyini yaxşı bilirdilər. Belə olan halda, Azərbaycan işğal altındakı ərazilərində qondarma “seçki” düzəltmək siyasi şoudan başqa bir şey deyildi.

  Sonda daha iki məqamı qeyd etmək zəruridir. Birincisi, ekspertlərin də dediyi kimi, bu qondarma “seçkilər”in tarixinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə salınması xüsusilə siyasi həyasızlığın son həddidir. İlk baxışda bu tarixin seçilməsi adi bir təsadüf kimi görünə bilər. Lakin əminliklə qeyd deyə bilərik ki, bu qondarma “seçkilər” və onun tarixi məhz ermənilərin müsəlman-türk düşmənliyi yaratmaq strategiyasının davamıdır.

  Digər tərəfdən, dünyada sürətlə yayılan yeni növ korona virusu (Covid-19) infeksiyası, sözün həqiqi mənasında, Ermənistanda tüğyan edir. Region ölkələrinin hərbi birlikləri arasında yeganə Ermənistan ordusunda “Covid-19”a kütləvi yoluxmalar var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) korona virusu pandemiyasının sürətlə yayılmasından narahatdır. Təşkilatın rəhbərliyi sülhsevər dünya ictimaiyyətinə yeni növ korona virusuna qarşı birgə mübarizə çağırışı etdiyi halda, Ermənistan hakimiyyəti kütləvi yoluxma üçün münbit şərait yaradır. Heç şübhəsiz ki, ən yaxın vaxtda ermənilər haray salıb dünya ictimaiyyətindən korona virusuyla mübarizə adı altında ianə yığmağa da başlayacaqlar. Bəli, “Məzlum ermənilər virusdan qırılır” şüarı ilə dilənmək təcrübələrini və məharətlərini burada da işə salacaqlar.

  Bir sözlə, öz xalqının sağlamlığını qorumaq əvəzinə Dağlıq Qarabağda qondarma “seçkilər” şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından başqa bir şey deyil.”



Әlaqәli Xәbәrlәr