Ekspertlər Azərbaycanda seçki prosesinin vəziyyətini qiymətləndirir

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün kompleks tədbirlər reallaşdırılır.

1355137
Ekspertlər Azərbaycanda seçki prosesinin vəziyyətini qiymətləndirir

 

  Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün kompleks tədbirlər reallaşdırılır.

  Respublika Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün sahələrdə olduğu kimi, seçkilər baxımından da böyük təcrübə qazanıb. Demokratik ölkələrin, beynəlxalq təşkilatların təcrübəsi ilə milli dəyərlərin vəhdəti şəklində formalaşan milli seçki sistemi ötən dövrdə Azərbaycanın çoxşaxəli inkişafına böyük töhfələr verib. Müşahidəçilərin yekun rəylərində bildirilir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən çoxsaylı seçkilərin hər biri əvvəlkilərdən daha keyfiyyətli şəkildə təşkil olunur.

  Beynəlxalq standartlara görə, istənilən ölkədə seçkilərin azad və ədalətli keçirilməsi üçün aşağıdakı amillərə əməl edilməsi vacibdir:

-Namizədlərin qeydə alınmasında bərabərhüquqlu davranış;

-Kütləvi informasiya vasitələrinin prosesi işıqlandırması üçün bütün şəraitin yaradılması;

-Namizədlər üçün sağlam təbliğat və təşviqat mühitinin yaradılması;

-Seçkilərdə çoxistiqamətli müşahidəçi missiyasının iştirakının təmin edilməsi;

-“Exit-poll” keçirilməsi və s.

  Seçkidən-seçkiyə inkişaf dinamikası ilə bağlı ekspert - Türkiyənin tanınmış vətəndaş cəmiyyəti fəallarından biri, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözde Dizdar deyib: “Azərbaycan seçkilərə hər zaman ciddi hazırlaşır. Mən 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Onu deyə bilərəm ki, Bakıda olduğum məntəqələrdə hər şey beynəlxalq standartlara uyğun idi. Seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələr var idi. Bu da şəffaflıq üçün olduqca vacibdir”.

  Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 1374 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədliyi dayandırılan vətəndaşların adları səsvermə bülletenlərindən çıxarılıb. Bütün bunlar barədə ictimaiyyətə vaxtaşırı məlumat verilir.

  Adi hesablama ilə görünür ki, hər məntəqədə səsvermədə orta hesabla 10 namizəd mübarizə aparacaq. Araşdırmaçı-yazıçı Sabir Şahtahtının fikrincə, “Əgər ictimaiyyət tərəfindən seçkilərə yüksək səviyyədə inam olmasaydı, namizədlərin sayı da bu həddə çatmazdı”.

  Say məsələsində vəziyyəti yüksək dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib: “Amerika Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir. Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən, çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq. Biz şadıq ki, Azərbaycan seçkiləri izləmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib”.

  Namizədlərin yerlərdə seçicilərlə görüşü, debatların təşkili, KİV-in imkanlarından istifadə etməsi məsələlərində heç bir məhdudiyyət yoxdur.  

  Rəy Monitorinq Mərkəzi, eləcə də İnsan Haqqları XXI əsr – Azərbaycan Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə Milli Məclisə seçkilərdə “exit-poll” keçirəcəklər.

  Seçki prosesinin vəziyyəti ilə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə deyib: “Aydındır ki, seçki rəqabət və mübarizə deməkdir. Seçkilərin normal şəraitdə keçəcəyinə əminəm. İnanıram ki, Azərbaycan xalqı 9 fevral parlament seçkilərində də doğru seçim edəcək”.

  Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes isə bildirib: “Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib. Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir”.

  Seçki prosesinə start verilən andan Azərbaycanda fəaliyyət göstərən yerli və xarici KİV-lər proseslə bağlı sərbəst şəkildə fəaliyyət göstərirlər. Medianın fəaliyyətini, o cümlədən sosial şəbəkədəki müzakirələri əngəlləyə biləcək heç bir fakt mövcud deyil. Seçkilərlə bağlı müraciət edən xarici KİV nümayəndələrinin ölkəyə rahat şəkildə gəlişi də təmin olunub.  

  Beləliklə, Azərbaycandakı seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsinin təməl prinsipləri barədə sadalanan mühüm məqam və müşahidələr, qərar, fakt, ekspert və müşahidəçi rəyləri ölkədəki mövcud reallığı nümayiş etdirir.



Әlaqәli Xәbәrlәr