Müsəlman Şərqi ilk Cümhuriyyətinin banisi - bənzərsiz insan

31 yanvar Azərbaycan Respublikasının yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin anadan olan günüdür.

662083
Müsəlman Şərqi ilk Cümhuriyyətinin banisi - bənzərsiz insan

  "Rəsulzadə bütün ömrüm boyu Şərq dünyasında bənzərinə rast gəlmədiyim, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir".

  Bu sözlərin müəllifi əsli Ordubaddan olan, amma Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən dövlət xadimi və alim Seyid Həsən Tağızadədir.

  Azərbaycanın böyük dövlət və ictimai xadimi, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan milli istiqlal hərəkatının başçısı, məşhur "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarının müəllifi Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakıda dünyaya gəlib. (6 mart 1955-ci ildə Ankarada dünyasını dəyişib.)

  Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadə.

  1902-ci ildə, hələ 17 yaşında olanda M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdı. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

  1917-ci ildə fevral burjua inqilabı baş verir. Həmin ilin martında açıq fəaliyyətə başlayan "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik".

  1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı.

  1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

  1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi.

  Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

  "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir. İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tələb edir".

  1947-ci ildən Ankaraya köçür. İkinci Dünya Müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq edib. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar.

  Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram məscidində M.Ə.Rəsulzadənin dostları və görkəmli şəxsiyyətlər onun tabutu başında fəxri qarovulda dayandılar və çıxış etdilər.  

  Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzaladı.

  Azərbaycan Respublikası Nazirlər Kabineti "Bakı şəhərində M.Ə.Rəsulzadənin abidəsinin ucaldılması haqqında" 26 saylı, 13 yanvar 1993 tarixli qərar qəbul edir.

  Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalayır.

  Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev də "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzaladı.

  Ankara Cebeci Mezarlığı qəbirstanlığında M.Ə.Rəsulzadənin qəbirin üstündə Ankara Bələdiyyəsi tərəfindən abidə ucadılıb. Burada Azərbaycan və Türkiyə respublikalarının bayraqları dalğalanır.



Әlaqәli Xәbәrlәr