Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər

Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın...

Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
Cənub Qafqaz konfransı_03.jpg

 

  Azərbaycanın Türkiyədəki SəfirliyiTürkiyənin Strateji Düşüncə İnstitutunun (SDE) birgə təşkilatçılığı ilə yanvarın 16-da “Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər” mövzusunda konfrans keçirilib.

  Strateji Düşüncə İnstitutunda keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib:

  “Coğrafi olaraq Cənubi Qafqaz böyük dövlətlərin həmişə marağında olub. Amma onlar unutmamalıdır ki, bu ölkələr müstəqildir və öz maraqları və planları var.

  Cənubi Qafqaz ölkələrinin dünyaya açılması üçün enerji, nəqliyyat və siyasi layihələrdə Azərbaycan və Gürcüstan imkanlar yaratsa da, Ermənistan, əksinə, Azərbaycan torpaqlarını işğala məruz qoyması, Gürcüstan və Türkiyəyə qarşı bitməyən iddiaları, bu səbəblərdən özünü təcrid etməsi ilə bölgədə problemlər yaradır.

  Virtual dünyada sərhədlər zəiflədikcə Güney Qafqazda beynəlxalq cinayətkarlıqlar və din adı altında müxtəlif terror hadisələri narkobiznesə şərait yaradır. Amma virtual dünyanın inkişafı isə bölgənin dünyaya inteqrasiya imkanlarını genişləndirir. Məsələn, Çin tərəfdən irəli sürülmüş, Asiya ilə Avropanı birləşdirəcək “Bir nəsil  - bir yol” layihəsinə daxil olan ölkələrin sərhədlərindən az rüsum ödəməklə, asanlaşdırılmış şərtlərlə keçmək mümkündür. Avropa İttifaqından da bənzər bir layihə irəli sürülüb ki, hal-hazırda Vyanada üzərində çalışılır. Londondan Bakıya qədər də alternativ yol salınacaq. Bütün bunlar Azərbaycana geniş imkanlar açır”.

  SDE-nin sədri Məhəmməd Savaş Kafkasyalı Cənubi Qafqazdakı vəziyyət, böyük dövlətlərin maraqları, o cümlədən Azərbaycanın mövqeyindən bəhs edərək vurğuladı ki, regionun iki güclü dövləti olan Azərbaycan və Türkiyə arasındakı münasibətlər Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa böyük təsir göstərir.

  Çıxışlardan sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusu Kılıçın sədrliyi ilə konfransın panel hissəsi başladı. H. Kılıç çıxışında bunları söyləyib:

  “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələri və əsasız iddiaları nəinki Cənubi Qafqaz, daha geniş coğrafiya üçün təhlükə mənbəyidir. Təcavüzkar tərəf öz qonşuları ilə ağıllı münasibət qurarsa, regionda vəziyyət tamamilə başqa bir istiqamətdə inkişaf edə bilər.

  Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur. Ulu öndər Atatürk deyirdi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Biz bu sözlərdən yola çıxmışıq.

  Neçə ildir işğal altında olan Qarabağ türk torpağıdır. Xocalıda türk soydaşlarımız soyqırıma məruz qaldılar. Azərbaycan torpaqları azad olmalı, saxta erməni soyqırımı iddialarına son qoyulmalıdr”.  

  Paneldə TANAP-ın baş direktoru Saltuk Düzyol, Ortadoğu Texnik Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, “Enerji və diplomatiya” jurnalının baş redaktoru, beynəlxalq münasibətlər üzrə ekspert professor Oqtay Tanrısevər, Norveçin tanınmış “Equinor” enerji  şirkətinin Türkiyə bölməsi üzrə rəhbərinin müavini Cenk Pala da mövzu ilə bağlı məruzələrlə çıxış edərək Cənubi Qafqaz və ətrafında cərəyan edən hadisələrin tarixi, hərbi, geostrateji və iqtisadi aspektlərini faktlarla söyləyərək həm də ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixi və sonrakı proseslərdən danışıblar.

   Çıxışlarda Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənməsi və Avropaya çatdırılmasından, o cümlədən Avrasiyanın ən uzun boru xətti olan Trans-Anadolu qaz kəməri layihəsinin qlobal əhəmiyyəti, regionda digər təbii ehtiyatlarla bağlı perspektivlər, beynəlxalq münasibətlər aləmində müşahidə edilən dəyişikliklər, bu proseslərin Cənubi Qafqazdakı vəziyyətə təsiri və iqtisadi tarazlaşdırma mövzuları da ciddi fakt və məntiqi mülahizələrlə əsaslandırılaraq müzakirə edilib və bu nəticəyə gəlinib ki, regiondakı vəziyyət Azərbaycanın xeyrinə işləyir, Ermənistansa getdikcə təklənir. Bu da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yaxınlaşdırır.



Әlaqәli Xәbәrlәr